Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi imkanları mövcuddur

Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi imkanları mövcuddur

Güllər Məmmədli

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. Prezident cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı "Azərbaycanda investisiya mühiti çox müsbətdir"  sözlərini söyləmişdir.

Prezident bildirib ki, dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş imzaladılar. Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanıb. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Dövlət başçısı qeyd edib ki, lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlərdən gedir. Planlarımız daha genişdir.

Prezident vurğulayıb ki, biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik. Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsunı və elektrik enerjisini ixrac edir.

Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Ölkəmizdə təbii qaz ixracımız artır. 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.

Bu gün quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.

Azərbaycan Prezidenti qeyd edib ki, “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Təbii ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Prezident İlham Əliyev sonda əminliklə qeyd edib ki, ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir.