Vətənə sədaqətli xidmət nümunəsi

Vətənə sədaqətli xidmət nümunəsi
Seymur Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı  rayonu, Hövsan Bələdiyyəsinin sədri
Daim qəlblərdə yaşayan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana ilk dəfə prezident seçilməsindən 32 il ötür. Məhz bu gündən etibarən ölkəmizdə qüdrətli dövlətçilik və davamlı inkişaf yoluna qədəm qoyuldu. Həmin o günlərdən başlayaraq yeni siyasi kurs Azərbaycanın siyasi-ictimai, iqtisadi və mədəni inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə yönəldi. Bu tarix Ümummilli Liderin dövlətçilik vizyonunu reallaşdırmağa və müasir dövlətçilik əsaslarını formalaşdırmağa xidmət etdi. Beləliklə 3 oktyabr 1993-cü il tarixində ölkəmiz üçün tarixi bir dönəm başladı. Xalqımız Ümummilli Lider Heydər Əliyevi böyük etimadla Azərbaycan Respublikasının Prezidenti seçdi.
1993-cü ilin oktyabr ayının 3-ü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gündür. O gün keçirilən Prezident seçkiləri yalnız siyasi proses yox, bütöv bir millətin öz taleyini öz əli ilə yazmağa başladığı dönüş nöqtəsi idi. Öz sağlam düşüncəsi, milli qüruru və uzaqgörənliyi ilə xalqımız böyük etimad göstərərək Ümummilli Lider Heydər Əliyevi 98,80 % səslə Prezident seçdi. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndər, ölkəni böhrandan çıxararaq, dövlətçiliyi möhkəmləndirmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, Azərbaycanın müstəqilliyinin əbədi olmasına zəmin yaratmışdır. Heydər Əliyevin Vətənə sədaqətli xidməti, yalnız keçmişin deyil, gələcəyin də yol xəritəsini müəyyən etmişdir. Onun irsi, bu gün də Azərbaycan dövlətinin inkişafının təməlini təşkil edir. Ulu Öndərin göstərdiyi liderlik və dövlətçilik prinsipləri, gələcək nəsillərə örnək olmağa davam edir.
Azərbaycan xalqı üçün ən çətin dövrlərdə belə, Ümummilli Lider Heydər Əliyev öz həyatını Vətənə və xalqa xidmətə həsr etmişdir. Onun rəhbərliyi altında Azərbaycan, müstəqilliyinin ilk illərindəki çətinliklərdən çıxaraq, sabitlik və inkişaf yoluna qədəm qoymuşdur. Heydər Əliyev, Azərbaycan tarixində silinməz izlər buraxmış, dövlətçilik və milli maraqları hər şeydən üstün tutmuş bir liderdir. Onun həyat yolu, yalnız siyasi fəaliyyətlə deyil, həm də xalqına və Vətəninə olan dərin sevgi və bağlılıqla səciyyələnir.
Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Onun adı yalnız Azərbaycanda deyil, bütün dünyada müdrik lider kimi hörmətlə anılır. Dünyanın bir çox görkəmli ictimai-siyasi xadimləri ilə müqayisə edilərkən, Heydər Əliyevin rəhbərlik etdiyi dövrlər və yüksək vəzifələrdəki fəaliyyəti xüsusi diqqətə layiq görülür. Hər bir dövründə xalqının və dövlətinin gələcəyi üçün misilsiz əməllər ortaya qoyan Ulu Öndərin ən müqəddəs arzusu milli birliyimizi möhkəmləndirən, dünya azərbaycanlılarını bir araya gətirən, güclü, möhtəşəm, qüdrətli və müasir ruhlu bir dövlətin yaradılması olmuşdur. Elə bir dövlət ki, müstəqilliyini qoruyub saxlasın, özünəməxsus milli dəyərlərini yaşatsın və daim inkişaf edərək dünyada layiqli yerini tutsun.
Həyat amalı “hər şeydən öncə Vətəndir, milli mənafedir” şüarı olan Ümummilli Liderin əməlləri yaşayır, ideyaları layiqli varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilir, nəsillərə örnək olan nümunələr yaradılır. Məhz, buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilib, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanıb.