Şəlalə Əsgərova
YAP Suraxanı rayon təşkilatının təəssübkeşi
Suraxanı rayonu 196 nömrəli tam orta məktəbin müəllimi
8 noyabr 2022-ci ildə Şuşada yenə də tarixi anlar yaşanır. 44 günlük Vətən müharibəsində Şanlı Zəfərin əldə olunmasından 2 il ötür. Müzəffər Ali Baş Komandan yenə də hərbçilərin qarşısındadır. Qarabağın qüruru olan əzəmətli Şuşada, bu müqəddəs gündə ürəklər yenə də bu torpaqlar uğrunda qanını tökənlərə minnətdarlıq hissi ilə doludur.
Prezident İlham Əliyev Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir və deyir: ”İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.”
İki il əvvəl Şuşanın düşmən işğalından azad olunması ilə Azərbaycan Silahlı Qüvvələri müasir tariximizə Şanlı səhifə yazdı. Hansı ki, bu Qələbə ilə gələcək nəsillər fəxr edəcəklər.
Şuşa Qarabağ xanlığının mərkəzi kimi strateji əlçatmaz bir mövqedə yerləşirdi. Şuşa qalasının tikildiyi ərazi təsadüfi seçilməmişdi. Müasir dövrdə də Şuşa alınmaz qala sayılır. Vətən müharibəsində dünya texnikanın qalibiyyətdəki rolunu qiymətləndirirdisə, Şuşanın yüngül silahlanmış peşəkar hərbçilər tərəfindən fəth edilməsi yüksək hazırlıqlı, vətənpərvər Azərbaycan əsgəri faktorunu ortaya qoydu.
Cənab Prezident İlham Əliyev müharibə müddətində xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də dəfələrlə Şuşasız qələbənin yarımçıq qalacağını vurğulayırdı. “Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi”, - İlham Əliyev.
Ali Baş Komandan çıxışında Zəfərin əldə olunmasında əsas rol oynamış müzəffər ordumuzun mənsublarını, onların peşəkar fəaliyyətini yüksək qiymətləndirir və bildirir ki, hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Bu gün Şuşaya çəkilən Zəfər yolu Şuşa fatehlərinin keçdiyi qürurlu, keşməkeşli döyüş yolunu simvolizə edir. Hansı ki onlar meşələrdən, dar cığırlardan keçib, qayalardan dırmaşıb Şuşanı azad edib, üçrəngli bayrağımızı dalğalandırıblar.
Prezident İlham Əliyev: ”Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır”. Bu fikir başlanılan döyüş yolundakı son məqsədi açıq göstərir. Döyüşlərin aparıldığı çətin relyef şəraitinə baxmayaraq Azərbaycan Silahlı Qüvvələri heç bircə addım da geri atmamışdır. Prezidentin də vurğuladığı kimi, bu cür ağır döyüşlərdə geri çəkilmə kimi taktiki gedişlər olur. Məğlub edilib geri qaçmağın “taktiki gediş” adlandırılmasını isə biz unikal erməni xislətində və ya yarıtmaz hərbi idarəçiliyində görürük.
XX əsrin sonlarında imperiyanın tərkibindən ayrılan Azərbaycanın iqtisadi vəziyyəti ağır idi. Qələbə qazanmaq üçün bütün iqtisadi potensialı səfərbər etmək, güclü iqtisadiyyat yaratmaq əsas məqsəd idi. Qurulan düzgün neft strategiyası dünya dövlətlərinin diqqətini Azərbaycana yönəltməklə bərabər regionun əhəmiyyətini artırdı. Azərbaycan Ordusu gündən-günə gücləndi, müasir texnika ilə təchiz edildi hətta öz müdafiə sənayesini yaratmağa müvəffəq oldu.
Vətənpərvərlik məsələsi Azərbaycan dövlətinin apardığı siyasətin mühüm tərkib hissəsi olmuşdur. Bu siyasət öz səmərəli bəhrəsini Vətən müharibəsində vermişdir. Azərbaycan dünyada monoetnik Ermənistandan fərqli olaraq etnik cəhətdən müxtəlif dinlərin beşiyi, ümumilikdə multikultural bir ölkə kimi tanınır.
2003-cü ildə İlham Əliyev Prezident seçildikdən sonra irəli doğru atılan bütün addımlar Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Aparılan uğurlu siyasətin nəticəsidir –daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi. Məhz bu amillər birləşərək Dəmir Yumruğa çevrildi və düşmənə elə sarsıdıcı zərbə endirdi ki, bu günə qədər özünə gələ bilmir.
Cənab Prezidentin nitqində öz əksini tapan ən mühüm məsələ Qarabağın şəriksiz Azərbaycan torpağı olması və rus sülhməramlılarının orada müvəqqəti yerləşməsi, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddətinin göstərilməsi oldu. Son iki il ərzində Qarabağda böyük quruculuq işləri gedib.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən qurulur. Biz öz torpağımızda vuruşub yad ünsürləri qovmuşuq. Lazım gələrsə, yenə də vuruşmağa hazırıq. Mehriban qonşuluq siyasəti aparmadan bölgədə daimi sülhə nail olmaq mümkün deyil.
Bu gün ağır beynəlxalq şəraitdə, çətin geostrateji məkanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi, həm də Azərbaycanın haqq işində xalqın səsidir. Kütləni arxası ilə aparmağı bacaran xarizmatik şəxsdir.
Prezidentimizin bütün çıxışları mətbuat və kütləvi informasiya vasitələrində ölkənin ziyalı təbəqəsi tərəfindən maraq və diqqətlə izlənilir. Cənab İlham Əliyev təkcə Prezident kimi fəaliyyəti ilə deyil, problemə tarixi yanaşması və dəqiq analizləri ilə demək olar, Azərbaycanın müasir tarixini yazır.
Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!