Vətənini və təbii sərvətlərini qoruyan gənc nəslin yetişməsi məni çox qürurlandırdı
Vaqif Qurbanov
İctimai fəal, hərbi ekspert
Ermənistan rəhbərliyi və xalqının Azərbaycanın Dəmir Yumruğundan yetərincə dərs almasına baxmayaraq, hələ də ona nə isə vəd edənlər var. Çünki, Ermənistanın havadarları olmasa Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olan mədənləri istismar edə bilməz, o torpaqlarda ekoloji terror törədə bilməzdi.
Bu bir həqiqətdir ki, insanlığa qarşı ən qatı cinayətlər işləyərək terrorizmin yuvasına çevrilən Ermənistan, indidə bizim doğma torpaqlarımızda ekoloji terror törətməklə xalqımızın təbii sərvətlərini həyasızcasına oğurlamaqla məşğuldur.
Təbii sərvətlərimizin talanması və mədənlərin qanuna zidd olaraq istismar edilməsi faktının araşdırlması ilə əlaqədar bölgəyə ezam olunmuş İqtisadiyyat Nazirliyi, Ekoligiya və Təbii sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət olan heyəti Rusiya sülhməramlıların komandanı tərəfindən əraziyə buraxılmamışdır. Buna etiraz olaraq Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökümət təşkilatlarının üzvləri tərəfindən etiraz aksiyası keçirilir və bu gün də davam edir. Mən də bir vətəndaşlıq borcumu yerinə yetirmək üçün bu aksiyda könüllü olaraq iştirak etdim.
Aksiya çox yüksək səviyyədə və təbii şəkildə təşkil olunub keçirilirdi. Hər kəs yaxşı anlayırdı ki, aksiya zamanı təxribat xarakterli söz və əməllərə yol vermək olmaz. Bu kimi hal bizi qarşıya qoyduğumuz məqsədimizə nail olmağımıza mane olardı. Aksiyaçılarımızın əzmkarlığı bir daha sübut etdi ki, ermənilərin qanunsuz fəaliyyətlərinə göz yumulmayacaqdır və bu məsələ öz həllinin tapana qədər aksiya davam edəcəkdir.
Doğrudur, ölkəmizin xalqa məxsus təbii sərvətlərinin ermənilər tərəfindən qanunsuz istismar edilməsi məni də, vətəndaş kimi hiddətləndirdi. Bununla əlaqədar, biz aksiyada iştirak edərək təbii sərvətlərimizin qanunsuz istisnmarına, mina və eko terrora qarşı şüarlar səsləndirərək öz etirazımımzı bildirdik. İnanırıq ki, təbii sərvətlərimizin oğurlanması, törədilən mina və eko terror hadisələri dünya ictimaiyyətində əks-səda verərək və məsələnin ədalətli olaraq öz həllini tapması üçün müvafiq qərarlar alınacaqdır.
Ancaq bu aksiyada mənim üçün yadda qalan qürurverici bir halın da şahidi oldum. Aksiyada iştirak edənlərin əksəriyyətinin gənc olması idi. Vətənini və təbii sərvətlərini qoruyan gənc nəslin yetişməsi məni çox qürurlandırdı. Vətəninə, millətinə bağlı olan xalqın gəncləri düşmənin gələcəkdə qorxulu röyalarına çevriləcəkdir.
Ermənistan bu kimi niyyətlərindən əl çəkərək regionun inkişafı və xalqının gələcəyi üçün dinc qonşuluq münasibətlərinin qurulmasına üstünlük verməlidir. Əks halda etdiyi bu əməllər, “Dəmir Yumruğun” onun başına bir daha dəyəcəyi günü yaxınlaşdıra bilər. Onsuzda Ermənistan deyilən ölkədə səfalət içərisində yaşayan ermənilər, biabırcasına məğlub olaraq dağıdılmış ordusu var.