Vətən müharibəsində gənclərimiz tarix, xalq və vətən qarşısında misilsiz xidmət göstərmişlər
Nəzrin Əhmədova
Bakı Dövlət Universitetinin tələbəsi
YAP Suraxanı rayon təşkilatının gənc könüllüsü
Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyevin dövlətin inkişafında gənclərin rolunun artırılması istiqamətində siyasəti gənclərə qarşı rəğbətin, onların dövlətin inkişafında iştirak etməsinə olan marağın təzahürüdür. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənclərin vəzifələri və onların uğurları, təhsil sahəsində gənclərin fəaliyyətində səmərəliliyin artırılması istiqamətində bir sıra islahatlar həyata keçirmişdir. Hətta, bir sıra gənc dövlət hesabına xarici ölkələrə təhsil almağa göndərilmiş və bu məqsədlə bir sıra ciddi addımlar atılmışdır. Həmçinin, Heydər Əliyevin gənclərin vətənpərvər ruhda böyüməsi naminə etdiyi cəhdlər də danılmazdır. Bu sahədə, məktəb və universitetlərdə tarix fənninin tədrisi üzrə nəzarət artırılmış, gənclər vətənə sədaqət və məhəbbət ideologiyası ilə böyüdülmüşdür.
Ulu Öndər gənclərin problemləri ilə tanış olmaq, onların həlli yollarını axtarmaq, onların cəmiyyətin inkişafında rolunun artırılmasına nail olmaq üçün Azərbaycan gənclərinin forumlarının keçirilməsi barədə təşəbbüs irəli sürmüşdür. 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin ilk forumu keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti bu forumda iştirak etmişdir.
Gənclərin dövlətin müstəqilliyində, inkişafında olan rolunu bəyan etmək üçün 2 fevral 1997-ci il tarixində imzalanmış sərəncama əsasən, fevralın 2-i Azərbaycan Gəncləri Günü elan edilmişdir. Heydər Əliyevin bu addımın gənclərin dövlət idarəetməsində öz rolunu və vəzifələrini anlamasında, dövlətin onlara olan rəğbət və qayğısının dərk edilməsində mühüm əhəmiyyəti var.
Ulu Öndər Heydər Əliyev gənclərin istedadlarının nümayiş etdirilməsi və dəyərləndirilməsi üçün 1996-cı il sərəncamına əsasən “Qızıl kitab” təsis edilmişdir. ”Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilmişdir. Bu gün bu gənclər Müstəqil Azərbaycana xidmət edirlər.
Ümumilli lider Heydər Əliyev gənclərin inkişafı uğrunda şəraitlərin yaradılması barədə bir neçə qanun və sərəncamlar imzalamışdır. İyulun 29-u 1999-cu imzalanmış “Dövlət gənclər siyasəti haqqında” fərman, 2002-ci il 9 aprel imzalanmış “ Gənclər siyasəti haqqında” qanun bu fikrin təsdiqidir.
Heydər Əliyev çıxışlarının birində mətbuat qarşısında müstəqillik uğrunda gənclərin əməyini belə dəyərləndirmişdir: “Mən heç şübhə etmirəm ki, Azərbaycan gəncləri 20-ci əsrdə toplanılmış bütün təcrübədən səmərəli istifadə edərək 21-ci əsrdə doğma, Müstəqil Azərbaycan üçün yeni uğurlar gətirəcəklər”.
Heydər Əliyevin gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş və onun Azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ümumilli lider Heydər Əliyev kimi cənab Prezident İlham Əliyev gənclərin cəmiyyətin inkişafında rolunu artırmaq, onların problemlərinin həlli yolunu axtarmaq üçün gənclərlə görüşlər həyata keçirmiş və bu sahədə bir sıra islahatlar həyata keçirmişdir.
Cənab Prezident İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan olmuşdur. Bu da Prezident İlham Əliyevin gənclərə və gəncliyə olan rəğbətinin, sevgisinin təzahürüdür. O, gənclərin təşkilatlanmasına, problemlərinin operativ həll olunmasına diqqət ayırmış və bu məqsədlə Tələbə Gənclər Təşkilatının nümayəndələri ilə görüşmüşdür. Gənclər üçün könüllülər hərəkatının yaradılması onların cəmiyyətdə rolunun artırılması uğrunda atılan addımlardan biridir. Bu məqsədlə, gənclər könüllü təşkilatlara qoşularaq müəyyən təcrübə proqramı əsasında, əhalinin problemləri ilə yaxından tanış olub, onların həll olunması uğrunda çalışırlar. Gənclərin öz istedadlarının nümayiş etdirilməsi uğrunda bir neçə addım atılmışdır.
Gənclərin öz musiqi bacarıqlarının nümayiş etdirilməsi üçün “Baku Eurovision – 2012” musiqi yarışması keçirilmişdir. Bundan əlavə xarici ölkələrdə keçirilən musiqi yarışmalarında Azərbaycan gəncləri öz bacarıqlarını nümayiş etdirmiş, hətta mükafatlara layiq görülmüşlər. Həmçinin xarici ölkələr keçirilən idman yarışlarında, beynəlxalq yarışlarda Azərbaycan gəncləri öz istedad və bacarıqlarını nümayiş etdirmiş və Azərbaycan bayrağını zirvələrə dalğalandırmışlar.
Cənab Prezident İlham Əliyevin gənclər siyasətinin bir hissəsi gənc kadrların irəli çəkilməsi, onların işlə təmin olunmasıdan ibarətdir. Onun bu siyasətinin nəticəsində ölkədə işsizlik azalmış, gənclərin əmək fəaliyyətləri yaxşılaşdırılmışdır. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən Gənclər evi gənclərin vətənpərvər ruhda formalaşdırılması və onların sosiallaşması üçün bir sıra tədbirlər həyata keçirir və görüşlər təşkil edir. Bu tədbir və görüşlərdə gənclər öz problemlərinin həlli üçün çıxışlar edir və sosial layihələrdə iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 2 iyul tarixli fərmanına əsasən “Gənclər üçün Prezident mükafatı” təsis edilmişdir. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil sahəsində fərqlənən gənclərə Prezident tərəfindən müəyyən məbləğdə mükafat tətbiq edilir və onların əməkləri dəyərləndirilir. Azərbaycan gənclərinin rifahı üçün təsis edilmiş müəssisələr, təşkil edilmiş dövlət proqramları dövlətin gənclərə olan diqqətin nəticəsidir. Heydər Əliyev Fondunun Azərbaycan gənclərinin rifahının təşkilində, həyat fəaliyyətinin təhlükəsizliyi və onların problemlərinin həll olunmasında misilsiz rol oynayır.
Bildiyimiz kimi İkinci Qarabağ Vətən müharibəsində gənclərimiz tarix, xalq və vətən qarşısında misilsiz xidmət göstərmişlər. Azərbaycan gəncləri həmçinin sosial şəbəkədə və informasiya müharibəsindədə çox fəal iştirak etmiş və bu sahədə də Azərbaycanın qalibiyyətinə nail olmuşlar. Müharibədən yaralanmış gənclərimiz qazi adına layiq görülmüş və sosial yardımla təmin olunmuşlar. Azərbaycan gənclərinin dünyada baş verən hadisələrə və onların analiz edilməsinə ayırdığı diqqət onların dünyagörüşünün güclü olduğunun təzahürüdür.
Qürurla demək olar ki , Azərbaycan gəncliyi bu gün üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirməyə çalışır və bacarır. Hər bir Azərbaycan gənci kimi mən də gənclərə və gəncliyə qarşı rəğbətin və sevginin mövcud olduğu bir ölkədə yaşadığım üçün xoşbəxtəm və bununla fəxr edirəm!