Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin necə uzaqgörən bir sərkərdə olduğunu sübut etdi
Xalqımız tarixən öz qəhrəmanları ilə, döyüşkənliyi ilə tarixdə böyük iz buraxmışdır. Ölkəmizin yerləşdiyi coğrafi mövqe çox mürəkkəbdir. Qafqaz regionunda hər zaman böyük güclərin marağı olmuşdur. Bu regionda firəvan yaşamaq üçün mütləqdir ki, dövlətin güclü ordusu olsun. 1991-ci ildə ölkəmiz çox çətin və mürəkkəb bir tarixi prosesin nəticəsində dövlət müstəqilliyini bərpa etdi.
İqtisadi çətinlik və vahid rəhbərliyin olmaması vəziyyəti daha da çətinləşdirmişdi. Ordunun dağınıq halda olması da Qarabağda xeyli ərazilərin itirilməsi ilə nəticələndi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıdışı ordu quruculuğunda böyük dəyişikliyə səbəb oldu. Nizami ordu təşkil edildi. Ordu quruculuğunda və iqtisadi quruculuqda vaxt qazanmaq üçün Ermənistanla atəşkəs elan edildi. Ordunun maddi - texniki bazasının təşkili və zabit kadrların hazırlanması üçün xeyli işlər görüldü. Lakin hələ Ümummilli Liderin ömrünün yetmədiyi ali məqsədlər qalırdı.
2003-cü ilin 15 oktyabrında Prezident seçilən cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirdi. Ordu quruculuğu prioritet məsələ elan edildi. Dövlət büdcəsindən ən çox vəsait orduya ayrıldı. Ən müasir və yüksək dəqiqliyə malik silahlar ordumuzun arsenalına daxil edildi. Yeni hərbi hissələrin açılması, ordunun maddi-texniki təminatının yüksəldilməsinə yönəlmiş addımların atılması birbaşa döyüş ruhunun yüksəldilməsinə xidmət edirdi.
Müxtəlif ölkələrə göndərilən zabitlərimiz peşəkarlıq səviyyəsini daha da artırdılar. Xüsusilə Türkiyə və İsraillə hərbi əməkdaşlıq ordumuzun gücünə güc qatdı. 2018-ci ildə Bakıda hərbi paradın keçirilməsi, müasir silahların nümayiş etdirilməsi, paradda iştirak edən əsgərlərimizin intizamı artıq orduda müəyyənləşdirilmiş hədəflərə xeyli yaxınlaşdığımızı göstərirdi.
Artıq biz qınından çıxmış qılınc kimi kəskin idik. Ondan sonrakı illərdə də ordu quruculuğu daim diqqət mərkəzində olmuşdur. Cənab İlham Əliyev hər dəfə əsgərlər qa rşısında çıxış edərkən bildirirdi ki, biz öz əməllərimizlə hər an Qarabağ münaqişəsinin həllini yaxınlaşdırırıq. Prezident 19 illik hakimiyyəti dövründə bir dəfə də öz ali məqsədini, hədəfini gizlətməyib. O Ermənistanla danışıqların istənilən nəticə verəcəyinə az ümid edirdi. Amma danışıqlardan da imtina etmirdi. İmtina etmirdi ki, bəlkə bu münaqişə sülhlə həll oluna bilər.
Ermənistanda əmin idilər ki, onların havadarları, Qərb dövlətləri Azərbaycana imkan verməz ki, münaqişəni müharibə yolu ilə həll edək. Və beləliklə də, Prezidentin də dediyi kimi onlar bu yolla, hər dəfə sülhə yaxınlaşanda danışıqlardan qaçmaqla istəyirdilər ki, münaqişəni hələ bir 30 ildə gecikdirsinlər. Cənab İlham Əliyevin ordu quruculuğunu ermənilər ilk dəfə ciddi şəkildə 2016-cı il Aprel döyüşlərində gördülər. Bu döyüşdə ordumuz müasir döyüş necə olur və olacaq onu düşmənə göstərdi.
PUA-lardan geniş istifadə ilk dəfə məhz Aprel döyüşlərində baş verdi. 2 saata düşmənin ön xəttinin yarılması isə ordumuzun peşəkarlığından xəbər verirdi. 2020-ci il 27 sentyabr - 10 noyabrda baş vermiş və zəfərlə nəticələnmiş Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin necə uzaqgörən bir sərkərdə olduğunu sübut etdi. Vətənpərvər, peşəkar və yüksək texniki təminatla təmin edilmiş ordumuz məhz ordu quruculuğunun doğru yolda olduğunun bariz göstəricisidir. Prezidentin də dediyi kimi, ordumuz qarşıda duran bütün məsələləri həll etməyə qadirdir.
Bugün xarici dövlətlərin hərbi məktəblərində Azərbaycan ordusunun 44 günlük müharibədə Qarabağda əldə etdiyi zəfər,tətbiq etdiyi döyüş üsulları diqqətlə öyrənilir. Bugün ordumuzla artıq hərkəs hesablaşır və ordumuz dünyanın ən döyüş qabiliyyətli orduları cərgəsindədir.
Yaşasın Azərbaycan ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan!