Vaşinqtonda tarixi qələbə: İlham Əliyevin yol xəritəsi

Məzahir Heydərli
"Xəbərim.az" saytının baş redaktoru
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Azərbaycanın təşəbbüsü ilə başlanan sülh marafonu özünün ən pik nöqtəsinə- tarixi zirvəsinə çatdı. Vaşinqtonda Prezident cənab İlham Əliyevin siyasi iradəsi və masadakı qətiyyəti ilə “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi” sənədinin mətni razılaşdırıldı, yəni diplomatik dillə ifadə etsək paraflandı. Bu, illərdir davam edən, minlərlə insanın ölümünə səbəb olan münaqişəyə nöqtə qoyacaq imzanın son astanasıdır.
ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona yollanan cənab İlham Əliyev burada adi dövlət başçısı kimi deyil, qalib ölkənin lideri kimi qarşılandı. Ağ Evin isti və səmimi münasibəti, qəbul olanan sənədlər və səslənən çox ciddi bəyanatlar Azərbaycanın diplomatiya arenasında gücünü ehtiva etdi.
Liderlərin imzası ilə rəsmiləşən Birgə Bəyannamədə beynəlxalq sərhədlərin toxunulmazlığı, ərazi iddialarına son və regionda yeni kommunikasiya xətlərinin açılması kimi bir çox bəndlər yer alıb.
Prezident cənab İlham Əliyev səfərin nəticələrini “tarixi nailiyyət” adlandıraraq vurğuladı: “ABŞ-la strateji tərəfdaşlıq səhifəsi açılır. Bu əməkdaşlıq enerji, nəqliyyat, təhlükəsizlik və müdafiə sahələrində Azərbaycanın qarşısında geniş üfüqlər açacaq.”
Vaşinqton səfəri bir daha sübut etdi ki, döyüş meydanında da, diplomatiya masasında da qələbə qazanmaq mümkündür və bunu biz bacarırıq. Azərbaycan lideri bu qələbəni öz ölkəsinə ərmağan etdi.