Ümumtəhsil məktəblərində işgüzar geyim mədəniyyətinin inkişafı
Əsmər Qasımova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin əməkdaşı
İşgüzar geyim mədəniyyətinin formalaşdırılması inzibati nəzarətlə məhdudlaşmamalıdır. Bu proses müəllimlərin öz peşələrinə hörmətindən, kollektivdə qarşılıqlı etimaddan, rəhbərliyin nümunəvi davranışından və məktəbdə ümumi mədəniyyətin inkişaf etdirilməsindən qaynaqlanmalıdır. Müəllimlər müəyyən edilmiş tələblərə əməl etməklə təhsil müəssisəsinin ümumi qaydalarına hörmətlərini ifadə edir, məktəb rəhbərlikləri isə bu qaydaların tətbiqində obyektivlik, ardıcıllıq və qarşılıqlı hörmət prinsiplərini qorumalıdırlar.
Müəllimin peşəkarlığının başlıca meyarları onun elmi və metodiki hazırlığı, tədris etdiyi fənni dərindən bilməsi, müasir təlim texnologiyalarından istifadə bacarığı, şagirdlərin fərdi ehtiyaclarını nəzərə alması və keyfiyyətli təhsil prosesini təşkil etməsidir.
Bununla yanaşı, təhsilalanların geyim qaydalarına riayət etməsi istiqamətində valideynlərlə əməkdaşlığın gücləndirilməsi, şagirdlərdə məsuliyyət hissinin inkişaf etdirilməsi və məktəbdaxili qaydaların mahiyyətinin yaş xüsusiyyətlərinə uyğun izah olunması da əhəmiyyətlidir. Qaydaların məqsədi yalnız müəyyən geyim formasına əməl olunmasını təmin etmək deyil, həm də şagirdlərdə ictimai məsuliyyət, qarşılıqlı hörmət və ümumi davranış mədəniyyəti formalaşdırmaqdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli və 6 oktyabr tarixli 325 nömrəli qərarları dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı yanaşmanın normativ əsaslarının təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Birinci qərarla təhsilalanların geyim formalarına dair müəyyən edilmiş qaydalarda dəyişikliklər edilmiş, ikinci qərarla isə təhsilverənlərin geyiminə dair vahid tələblər təsdiq olunmuşdur. Hər iki sənəd məktəbdə ümumi qaydalara riayət olunmasının, işgüzar mühitin qorunmasının və təhsil prosesinin xüsusiyyətlərinə uyğun davranış mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini önə çıxarır.
Ümumtəhsil məktəblərində işgüzar geyim mədəniyyətinin inkişafı təhsil müəssisəsinin peşəkar simasının möhkəmləndirilməsinə, müəllim nüfuzunun qorunmasına və şagirdlərdə məsuliyyətli davranış vərdişlərinin formalaşmasına töhfə verəcək. Bunun üçün normativ tələblərin düzgün anlaşılması, onların ədalətli tətbiqi, məktəb rəhbərliyi ilə pedaqoji kollektiv arasında əməkdaşlığın gücləndirilməsi və valideynlərin təhsil prosesində fəal iştirakı vacibdir.
Unutmaq olmaz ki, müasir məktəbin uğuru xarici görünüş və intizam göstəriciləri ilə əlaqədardır. Məktəbin əsas missiyası bilikli, savadlı, milli-mənəvi dəyərlərə bağlı, müstəqil düşünən, məsuliyyətli və cəmiyyətə faydalı vətəndaşlar yetişdirməkdir. Bu missiyanın həyata keçirilməsində müəllimin şəxsi nümunəsi, peşəkar davranışı, pedaqoji ustalığı və şagirdlərə münasibəti həlledici əhəmiyyət daşıyır.
İşgüzar geyim mədəniyyəti müəllimin peşəkar fəaliyyətini tamamlayan, məktəbdə vahid yanaşmanın və sağlam pedaqoji mühitin formalaşmasına xidmət edən mühüm amillərdən biridir. Geyimlə bağlı müəyyən edilmiş tələblər bilik, bacarıq, etik davranış, qarşılıqlı hörmət və məsuliyyət prinsipləri ilə vəhdətdə tətbiq olunduqda təhsil müəssisəsinin ümumi mədəniyyət səviyyəsinin yüksəldilməsinə və cəmiyyətin müəllim peşəsinə olan etimadının möhkəmləndirilməsinə daha səmərəli şəkildə xidmət edə bilər.
Əsas məqsəd isə hər bir şagirdin keyfiyyətli təhsil almasına, sağlam və təhlükəsiz pedaqoji mühitdə inkişaf etməsinə, müəllimlərin öz peşə vəzifələrini yüksək səviyyədə yerinə yetirməsinə və Azərbaycan təhsilinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır.