Ulu Öndərlə Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu

Vüqar Seyidov
Yeni Azərbaycan Partiyasının
Suraxanı Rayon Təşkilatının sədri
Bütün yolların başlanğıcı, bütün ideyaların çıxış nöqtələri, bütün hərəkatların qığılcım aldığı məqamlar, məkanlar var. Onlar çay mənbəyi kimi gur, onlar qızğın alovdan isti, onlar kəskin bicaqdan daha kəsərli olur. Ulu Öndər Heydər Əliyevin zəkası, onun ağlı və istiqamətverici, yolgöstərici yanaşmaları müstəqillik yolunun başlanğıcı, Azərbaycançılıq və Yeni Azərbaycan ideyalarının çıxış nöqtəsi, qurtuluş və suverenlik uğrunda milli hərəkatın qığılcım aldığı məqamlardır.
Biz illər öncə soyuq otaqlarda, zallarda közərən lampa işığında yaranmış, bu gün isə Avropanın enerji təminatçısı olduğumuz bir dövlətin qurulduğu, müstəqil dövləti olmayan, üçrəngli bayrağı dalğalanmayan, mərkəzi hakimiyyətin qorxudan müstəqillik aktını qəbul etmədiyi, ərazi bütövlüyü və süverenliyi şübhə altında olan, Qarabağın işğalına məcburən razı, Naxçıvanı öz taleyinə buraxmış dövlətsizliyimizdən güclü, süverenliyi və ərazi bütövlüyü tam təmin olunmuş, torpaqlarını işğaldan azad etmiş, bayrağını bütün ərazilərində dalğalandırmış qalib dövlətin qurulduğu, qardaş qanının axdığı bir zamanda Milli Qurtuluş hərəkatının öz qığılcımını aldığı və bütün ölkəyə yayıldığı, bütün dünyada pərən-pərən olmuş dünya Azərbaycanlılarının bir vahid vətəni olmazkən, onlara vətən olan, onlara “31 dekabr - dünya Azərbaycanlılarının həmrəylik günü”nün təsis olunduğu məqama və mərama gəlmişik.
Viktor Hüqo bir əsərində yazır ki, öz vətənini ləkələmək onu satmaq deməkdir. 90-cı illərin əvvəlində xalqın həssaslığından və başsızlığından istifadə edib hakimiyyətə gələnlər nəinki vətəni ləkələyirdilər, onlar hətta vətəni satırdılar. O zaman Heydər Əliyev Kommunist partiyasından istefa verib öz vətəninə qayıdanda onu hakimiyyyətdə təmsil olunmağa qoymamaq, hətta ona Bakıda yaşamağa imkan verməmək vətənə xəyanət idi. Torpaqlarımız işğala məruz qalır, qız - gəlinlər əsir düşür, faciələr bir-birini əvəz edirdi. Bakıda isə hakimiyyət, kreslo davası gedirdi. Heydər Əliyevin isə mövqeyi qəti idi. “Mənə vəzifə lazım deyil” deməklə əslində xalqına ismarıc göndərirdi ki, xalqın iradəsi hakimiyyətdə təmsil olunan istənilən şəxsin mövqeyindən güclüdür.
3 sentyabr 1991-ci ildə xalq ilk dəfə Naxçıvanda təkidli tələb irəli sürərək Heydər Əliyevə Naxçıvan Ali Sovetinin sədri səlahiyyəti verəndə bilirdi ki, o, Bakıya, hakimiyyətə doğru irəliləyəcək. İkinci təkidli tələbi xalq 21 noyabr 1992-ci ildə Naxçıvanda soyuq və qaranlıq zalda Yeni Azərbaycan Partiyasını yaratmaqla irəli sürdü. Daha sonrakı təkidli tələb Heydər Əliyevin Bakıya - hakimiyyətə çağırılması idi. O zamanlar Naxçıvanda bu prosseslərdə fəal iştirak edənləri dərin hörmət və ehtiramla yad edirik.
Müstəqilliyimizlə təxminən həmyaşıd olan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən dəyərli töhfələrdəndir. Bizim doğma evimiz olan YAP demokratik dəyərlərin milli maraqlarla birgə özünü təzahür etdiyi məqam və məkandır. Ulu Öndər Heydər Əliyev dünya siyasətini gözəl bilirdi. O yaxşı anlayırdı ki, bu problemləri aşmaq, dayananıqlı dövlətçiliyə və inkişafa nail olmaq üçün hakimiyyətə demokratik yolla gəlmək vacib amildir. Məhz bu səbəbdən bu gün də ehtiramla andığımız “91”lərin müraciətini qəbul etmiş və dövlətimizin o zaman üçün yeganə nicatı olan YAP-ı yaratmışdır.
Doğma partiyamız bu gün də özünün və mənsub olduğu xalqın dəyərlərinə sahib çıxaraq mənəvi müdafiəçi və mühafizəçi rolunu oynamaqdadır. Biz dövlətimizin və xalqımızın hər zaman yanındayıq. Son dövrlər əldə etdiyimiz bütün uğurların kökündə və nüvəsində Ulu Öndər Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin siyasi yanaşmaları dayanmaqdadır. Bu siyasi baxışların Azərbaycan cəmiyyətinə transformasiya olunmasında, geniş kütlələrə çatdırılmasında, seçkilərdə aktivliyin təmin olunmasında Yeni Azərbaycan Partiyasının rolu və mövqeyi əvəzolunmazdır.
Bir sözlə deyə bilərik ki, əldə etdiyimiz bütün uğurların ideoloji dayağı məhz doğma partiyamızdır. Biz həm də dövlətlə xalq arasında qırılmaz körpü rolunu oynayırıq. Əminəm ki, Ulu Öndər Heydər Əliyev ilk yarandığı zamanlarda da məhz bizim fəaliyyətimizi bu cür təhlil edərək YAP-ı yaratmışdır. “YAP xalqın partiyasıdır” sözləri bu gün öz sübutunu tapmaqdadır.
Yəqin heç kimdə şübhə yoxdur ki, doğma partiyamız öz fəaliyyəti ilə sübut edir ki, YAP Ümummilli Liderin siyasi irsinin ən yaxşı mühafizəçisi və ifadə vasitəsidir. Mən bilərəkdən təbliğatçısı sözünü işlətmədim. Çünki nə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, nə də Prezident, Sədrimiz cənab İlham Əliyevin siyasi kursunun təbliğata ehtiyacı yoxdur. Çünki xalqla dövlətin maraqları birdir.
Biz daima yenilənirik. Xalqın gündəlik qayğıları da bizim sahəmizdir, dövlətin ali maraqları da. Dünən də biz var idik, sabah da biz olacağıq. Heydər Əliyev ideyaları, cənab İlham Əliyev və Müstəqil Azərbaycanla birgə addımlayırıq. Biz dövlətimizin və xalqımızın milli mənəvi dəyərlərinin, dövlət və xalqın maraqlarının ictimai mühafizəçisiyik. Bu dünən belə olub, bu gün belədir və sabah da belə olacaq. Ümummilli Lider məhz bu amilləri düşünərək o tarixi sözləri demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.”
Dövlətin atributları, ordusu, ərazi bütövlüyü, dili, suverenliyi, vətəndaşları, sosial rifahı, əsas qanunu var. Bu il Konstitusiya və Suverenlik İlini qeyd edirik. Azərbaycanda Konstitusiyanın banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ali qanunumuzu bir-bir, maddə-maddə belə demək mümkündürsə, öz əli ilə yazmışdır. Heydər Əliyev yalnız dövlət yaratmaq istəmirdi, o, qanunlarla idarə olunan, bütün komponentləri ilə vahid, güclü və hüquqi dövlət yaratmaq istəyirdi. Çünki uzun illər Kremlin divarları arasında qanun boşluqlarından irəli gələn haqsızlıqları çox görmüşdü. Ən əsası isə onun özünə və xalqına qarşı çoxsaylı qanunazidd hərəkətlər edilmişdi. Bunları nəzərə alanda, o dövrü dərindən təhlil edəndə görürsən ki, bəli, Heydər Əliyevin konstitusion dövlət modeli bütün parametrləri və aspektləri ilə həm müasir dünya dövlətlərinin mənzərəsini, həm də Azərbaycan xalqının milli maraqlarını özündə ehtiva edir, birləşdirirdi.
Əlbəttə, zaman ötür, həyat inkişaf edir. İnsanların düşüncələri, baxış bucaqları dəyişir. Qanunlar da insanlar və cəmiyyətlər üçün olduğundan konstitusiyamıza müxtəlif dəyişikliklərin olması təbii və labüddür.
Azərbaycan o ölkələrdəndir ki, öz müstəqilliyini qazanması ilə suverenliyini əldə etməsinin arasında 30 ildən artıq bir müddət olub. Bu, o deməkdir ki, vaxtı ilə mövcud reallıqlarla barışmayan Azərbaycan xalqı Ümummilli Liderin ideyalarını, arzularını, xəyallarını, istəklərini və vəsiyyətlərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, uzaqgörənliyi ilə həyata keçirmişdir. 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri müasir dünya hərb tarixində görünməmiş Zəfər hekayətidir.
Ulu Öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvanda qaldırdığı şanlı üçrəngli Dövlət bayrağımız Müzəffər Ali Baş Komandan tərəfindən məğrurluqla və qürurla bütün işğaldan azad olunan torpaqlarda dalğalandırılır. Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolunun sirri xalq hakimiyyət birliyindən, onların üzvi şəkildə bir yumruq ətrafında birləşməsindən, milli maraqların bütün maraqlardan üstün tutulmasından ibarətdir.
Naxçıvandan Xankəndiyə uzanan zəfər yolu, uğur hekayəti hələ bitməyib və bitə də bilməz. Biz tarixi torpaqlarımıza doğru iri və əmin addımlarla irəliləyirik. Qəlbimizdə Vətən sevgisi, əlimizdə üçrəngli bayraq Heydər Əliyev ideyalarının işığında Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi dünya miqyasında tanınan və qəbul olunan bir liderlə irəliləyirik. Yolumuz tarixi torpaqlarımıza doğru, amalımız isə sülh və əməkdaşlıqdır. Biz Bakıdan Qarabağa, Qarabağdan Zəngəzura, Zəngəzurdan Naxçıvana, oradan da bütün dünyaya açılan bir yolla gəlirik. Biz Şərqlə Qərb arasında ən qısa yolla - Zəngəzur yolu vasitəsi ilə bütün dünyaya səs salmağa gəlirik.
10 may Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Ümummilli Lider Heydər Əliyev öz həyatı ilə bağlı deyərdi: "Mən balaca bir evdə, zəhmətkeş ailəsində bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım - varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm."
Belə bir deyim var ki, yoxluğu hiss olunmayan kəsin varlığı cəmiyyət üçün bir yükdür. Əlbəttə, heç birimiz Ulu Öndər Heydər Əliyev ola bilmərik. Amma ən azından hər birimiz Vətənə, dövlətə, millətə, xalqa yararlı bir vətəndaş kimi fəaliyyət göstərərək Ümummilli Liderin Azərbaycançılıq və Yeni Azərbaycan məfkurəsinə, Prezident cənab İlham Əliyevin ölkəmiz üçün həyata keçirdiyi ölçüyəgəlməz fəaliyyətinə, Şəhidlərimizin Vətən uğrunda qurban verdikləri canlarına, qazilərin axıtdıqlarına qanlarına layiq olmalıyıq. Bu yolda hər bir əqidə yoldaşımıza uğurlar arzu edirik.
Heydər Əliyev məfhumu bu gün yaşayır, inkişaf edir, böyüyür. Bəli, Azərbaycanla Heydər Əliyevi mənəvi nöqteyi nəzərdən bir-birindən ayırmaq tarixin heç bir dövründə mümkün olmayıb, bu gün də mümkün deyil. Hətta qəddar və repressiv Sovet hakimiyyəti belə bu ali məhəbbəti ayıra bilməmişdir. Azərbaycan deyəndə Heydər Əliyev yazılır, Heydər Əliyev deyəndə Azərbaycan oxunur.