Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı

Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı

Rahilə Ağcayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 226 nömrəli məktəbin direktor müavini

Ermənistan və Azərbaycan arasında konfliktin başlanğıcı rəsmi olaraq 1988-ci il hesab olunur - həmin il Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisi Azərbaycandan ayrılmaq tələbini irəli sürmüşdü. Lakin çar Rusiyasının müstəmləkəçi siyasətinin nəticəsi olaraq iki əsr əvvəl bölgəyə köçürülmüş mənfur ermənilər dəfələrlə öz ağalarına arxalanaraq fürsət tapan kimi silahsız, əliyalın azərbaycanlılara qarşı soyqırım həyata keçirmişlər.

Bu dəfə də elə oldu. Arxalandıqları Kremldən və Qərbin erməni lobbisinin köləsinə çevrilmiş paytaxtlarından tam dəstək alan erməni quldurları ölkənin 20 %-i işğal etmiş, onminlərlə şəhidimizin qanına əli batmış və bir milyona qədər vətəndaşımızı öz yurd yuvalarından didərgin salmışdılar. Bunun üzərinə qədim türk yurdu olan indiki Ermənistan ərazisindən deportasiya edilmiş yüzminlərlə soydaşımızı gəldikdə gənc Azərbaycan Respublikasının düşdüyü vəziyyət aydın olar. Ordu demək olar ki, yox, iqtisadiyyat məhv edilmiş vəziyyətdə, siyasi hərc-mərclik və sair neqativ hallar ölkəni tam mənası ilə xaosa aparırdı.

Ümummilli Lider Heydər Əliyev məhz belə bir vəziyyətdə xalqın israrı və çağırışı ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtdı və problemlərin həlli üçün öncə atəşkəsə nail olmağın vacibliyini bəyan etdi. 1994-cü il mayın 12-də atəşkəs əldə olundu və bütün sahələrdə inkişaf üçün əsas yaradıldı.

Siyasi icmalçıların birmənalı olaraq vurğuladığı kimi həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə qol-qanad vermişdi. Erməni diasporunun, ermənipərəst qüvvələrin gücü sayəsində azərbaycanlılar barədə beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırılırdı. Onların apardığı təbliğata görə işğala məruz qalan Azərbaycan yox, Ermənistan idi. Ermənilərin məqsədi Azərbaycanı nə yolla olursa-olsun, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi. Lakin Azərbaycan nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə, inkişaf edərək qısa zamanda iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanındı.

1994-cü ildə tarixə "Əsrin müqaviləsi" kimi düşmüş neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycanda yaradılan sabitlik dünyanın ölkəmizə marağının artmasında mühüm amilə çevrildi. Ölkəmizin gələcəyinə böyük inamla baxan dövlətlər, beynəlxalq şirkətlər ikitərəfli əlaqələrin qurulması istiqamətində səylər göstərdilər. Azərbaycan beynəlxalq əməkdaşlıq məkanına çevrildi.

Xarici siyasətçilərin, dövlət xadimlərinin, nüfuzlu mətbuat orqanlarının yekdil qənaətinə görə atəşkəsdən sonra yaranmış sabitlik Azərbaycana həmçinin, regionda beynəlxalq əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırmağa da şərait yaratdı.

Bu, ilk növbədə neft və qaz ehtiyatları olan Azərbaycana, ardınca da enerji resurslarının Qərbə nəqli prosesində iştirak edən Türkiyə və Gürcüstana aid idi. Bununla da regionda işğalçının əl-qolunun bağlanmasının əsası qoyuldu. Qərb ölkələri bu yolla öz enerji təhlükəsizliklərini təmin etməyə, yeni enerji mənbələri və marşrutlarının diversifikasiyası yoluyla Rusiyadan asılılığı azaltmağa çalışırdı.

Azərbaycandakı neft-qaz yataqlarının işlənməsi sayəsində Gürcüstan və Türkiyə iqtisadiyyatına investisiyalar qoyuldu, Azərbaycanda görünməmiş iqtisadi yüksəliş baş verdi: 2006-cı ildə ÜDM 36% artdı. İqtisadi kooperasiya tərəflər arasında təhlükəsizliklə bağlı əməkdaşlığı möhkəmlətdi, nəticə etibarilə bu, postsovet dövründə Cənubi Qafqazın müstəqilliyə bağlı konsolidasiyanın artmasına gətirib çıxardı. Bütün bunlardan istifadə edən Ümummilli Lider və onun layiqli davamçısı İlham Əliyev ordu quruculuğuna diqqət yetirdi və Azərbaycan Silahlı Qüvvələrini müasir dünyanın qabaqcıl ordularının sırasına yüksəltdi.

Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərəliləşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, belə münasibət, ordunun inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq.

Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".

Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır.

Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, hərbi texnika, avadanlıq gətirilib. Bütün bunların nəticəsidir ki, dünya Azərbaycan Ordusunun gücünü ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi bölmələrimizin tam nəzarətinə götürüldü. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevinci yaşatdı.

Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi. Nəhayət, ordumuzun, xalqımızın illərdən bəri gözlədiyi sevinci onlara bəxş etdi. 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.

Qalib, rəşadətli ordumuzun bu möhtəşəm uğurunun təməlində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır.