Ulu Öndəri hörmət və ehtiramla anırıq
Şəfəq İbişova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin direktoru
Hər bir ölkənin tarix yazan lideri olur. Bu liderlər hər zaman sevgi və hörmətlə anılır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev sağlığında olduğu kimi vəfatından sonra da xatırlanır və sevilir. 99 il əvvəl may ayının 10-da dünyaya göz açan və Azərbaycanın adını bütün dünyaya tanıdan Heydər Əliyev dünya siyasətində söz sahibi olmaq bacarığı, istedadı və inandırıcı qabiliyyəti hər zaman öndə olmağı bacarırdı. Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) yüksək vəzifələrdə çalışaraq müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi təhlükəsi, keçmiş Dağlıq Qarabağ müharibəsi və iqtisadi böhranlarla mübarizə aparan ölkəyə rəhbərlik etməklə xilaskar rolunu oynayan bu dahi şəxsiyyətin səksən illik həyatı həmişə mübarizələrlə keçib. Sovet İttifaqında Siyasi Büronun üzvü olan Heydər Əliyev mühüm qərarların qəbulunda amil olub.
Xalq tərəfindən ikinci dəfə hakimiyyətə təkidlə dəvət olunan Heydər Əliyev ölkənin siyasi həyatında fəal rol oynayıb. Dövlətin sosial, mədəni, iqtisadi və siyasi təlatümlərlə üzləşdiyi ən ağır situasiyalarda xalqın təkidlə Heydər Əliyevin hakimiyyətdə olmasını tələb etməsi onun Azərbaycanda nə qədər sevildiyinin göstəricisidir.
Azərbaycanın öz milli maraqlarına uyğun rasional siyasət yürütməsi Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladı. Çox çətin bir dövrdə prezidentliyə başlayan işinin öhdəsindən gələ bildi. Digər ölkələrlə çoxşaxəli və balanslı əlaqələr qurdu. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, regional təhlükəsizliyin təmin edilməsi, ümumilikdə ölkəmizin sosial-iqtisadi, elmi və mədəni maraqlarının reallaşdırılması istiqamətində digər dövlətlərlə çoxşaxəli əməkdaşlığın inkişafına xüsusi önəm verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra bu siyasətin getdikcə yüksələn xətt üzrə inkişafını təmin etdi, Azərbaycanın üzünə sabitlik və iqtisadi inkişaf qapılarını açdı.
Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyev siyasətinin prioritetlərindən idi. Heydər Əliyev siyasətinin uğurlarından biri də Azərbaycanın bir çox problemlərinin, xüsusən də Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Qərb mətbuatında ədalətli işıqlandırılmasının təmin edilməsi idi.
Anadan olmasının 99-ci ildönümündə Azərbaycan xalqının dahi rəhbəri Ulu Öndər Heydər Əliyevin xatirəsini hörmət, minnətdarlıq və ehtiramla yad edirik. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən bu dahi şəxsiyyətin vəsiyyəti gerçəkləşdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz Şuşanı və digər torpaqlarımızı işğaldan azad edərək Qarabağ Qələbəsinə imza atdı.