Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Dekabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Müşfiqabad qəsəbəsinin ərazisində keçirilən aksiyada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, YAP Mərkəzi Aparatının əməkdaşları, Gənclər Birliyinin üzvləri, partiyanın Bakı, Sumqayıt və Abşeron təşkilatlarının, həmçinin ETSN-nin nümayəndələri və ekokönüllülər iştirak ediblər.

Aksiya çərçivəsində 700 ədəd  eldar şamı və zeytun ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib. Bu nəcib təşəbbüs ölkəmizdə həyata keçirilən yaşıllaşdırma siyasətinə daha bir töhfədir.

Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu proses daha geniş vüsət alıb. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasını dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.