Üzərindən bir əsrdən çox vaxt keçsə də, 31 mart - Azərbaycanlıların soyqırımı günü dərin hüzn və böyük ehtiramla yad olunur

Üzərindən bir əsrdən çox vaxt keçsə də, 31 mart - Azərbaycanlıların soyqırımı günü dərin hüzn və böyük ehtiramla yad olunur

Cəmilə Ağayeva   

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri

Azərbaycan tarixinə nəzər salsaq, ayrı-ayrı dövrlərdə, Azərbaycan xalqı mənfur ermənilər tərəfindən bir neçə dəfə soyqırıma məruz qalmışdır. Hər dəfə belə soyqırımlardan sonra, Azərbaycan xalqı sanki küllərindən doğulmuş, bir müddət keçəndən sonra isə unutqanlıq və ürəyimizdə olan rəhmi  bizlərin yenidən bu millətlə dostluğuna səbəb olmuşdur. Əslində düşünsək ki, mərd düşmən bəlkə də nə vaxtsa dosta çevrilə bilər, lakin namərd və satqın düşmənin xisləti və fitrəti dəyişməz olaraq qalır. Belə qəbildən olanlar sanki bir pusquda dururlar, zaman yetişincə fürsət tapınca yenidən həmlə edirlər. Bəlkə də bu, ona görədir ki, Robert Qrinin “Hakimiyyətin 48 qanunu” adlı kitabında, qanunlardan birində deyilir, “Düşməni sona qədər əzmək lazımdır”. Mən bu fikri belə təhlil edirəm ki,  yarımçıq, yaralı qalmış düşmən, mütləq şəkildə yenidən özünə güc toplayıb, bu dəfə daha da güclü hücuma keçəcəkdir.

Azərbaycana qarşı olan soyqırımlara nəzər salsaq, bu soyqırımlar, 20-ci əsrin əvvəllərindən başlayaraq, ayrı-ayrı vaxtlarda davam etmişdir. 1905-ci il erməni müsəlman davası, 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımı, 1992-ci il Xocalı soyqırımı və sair. Sovet İmperiyasının dövründə, bu soyqırımları hər vəclə bizə unutdurmağa çalışdılar. Hətta keçmiş Çəmbərəkənd qəbristanlığında uyuyan şəhidlərimizin məzarlarını itirərək, o dövrün siyasəti nəticəsində Sovetlər dönəmində, həmin yerdə “Dağüstü park” salındı. İllər keçdi, 1990-cı il 20 Yanvar şəhidlərini həmin Dağüstü parkda  dəfn edərkən, keçmiş dövrün şəhidlərinin qalıqları üzə çıxdı və köhnə şəhidlərlə, yeni şəhidlər eyni xiyabanı paylaşdılar.

Azərbaycanın tarixində, dahi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, 1998-ci ildən başlayaraq, onun fərmanı ilə hər il, 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.      

31 Mart 1918-ci ildə Azərbaycanın bir çox yerlərində ermənilər tərəfindən, Azərbaycanlılar qətlə yetirilmişdir. Tarixən “böyük Ermənistan xülyası” ilə yaşayan ermənilər, həmin bu tarixlərdə, Qubada, Bakıda, Şamaxıda və bir sıra yerlərdə xalqımıza qarşı dəhşətli qiyamlar etmişlər. Məhz bunun nəticəsidir ki,  2007-ci ilin aprelində, Quba stadionunun təmiri ilə əlaqədar, aparılan qazıntı zamanı kütləvi məzarlıq aşkar edilmişdir.

Xalqımıza qarşı törədilən bu qanlı faciələr, öz millətinin qədrini bilən Lider tərəfindən, daima kəskin pislənmiş, istər cənab Heydər Əliyevin dövründə və ondan sonrakı dövrdə bu hadisələr dünya ictimaiyyətinə çatdırılmışdır.

 Bu gün Ulu Öndərin layiqli davamçısı, onun siyasi varisi, ideyalarına ləyaqətlə xidmət edən, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdəmiz  cənab İlham Heydər oğlu Əliyev, 30 ildən sonra, Azərbaycan tarixinə zəfər salnaməsini yazaraq, bizi qalib dövlətin qalib xalqı etdi!

Bu günlərdə, 31 mart soyqırımı münasibətilə müəyyən maarifləndirici tədbirlər keçirildikcə, şəhidlərin məzarlıqları ziyarət olunduqca, sanki ürəyimizdəki bir əsrin niskili susaraq, yerinə qürur gətirib. Bu qürur narahat ruhların, erməni vandallarından alınmış qisasın nəticəsidir.

Vətəndaşına, torpağına, elinə, obasına, ata vəsiyyətinə, Ulu Öndər siyasətinə sadiq olan Prezidentim, cənab İlham Əliyev, şəhidlərə də, sahib çıxmağı bacarır. Şəhidlər mövzusu, onların ailələrinə diqqət, qayğı həmişə aktualdır. Torpaq uğrunda gedən şəhid, köhnə şəhid olsa da, nə qədər torpaq varsa, hər zaman yenidir və gündəmdədir. Elə buna görə də, hər il 31 mart Azərbaycanlıların soyqırımı günü, bir əsr keçsə də, dərin hüzn və böyük ehtiramla yad olunur.  

Bu yazını yazarkən, bir cümlə yenidən beynimdə durmadan canlandı və təkrarlandı: “Şəhidlər ölməz, vətən bölünməz!”.