Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hal-hazırda unikal müzakirə platformasıdır

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hal-hazırda unikal müzakirə platformasıdır
Seyid Seyidov
YAP Suraxanı rayon təşkilatının sədr müavini
Suraxanı Rayonu, Zığ QİƏD-nin nümayəndəsinin müavini 

Qeyd edək ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyib.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Tədbirdə iştirak edən cənab İlham Əliyev bir çox vacib məsələlərə toxunaraq bildirmişdir ki, “Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır. Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq? 2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın”.

Qeyd etmək lazımdır ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hal-hazırda dünyada baş verən gərgin və ziddiyyətli bir dönəmdə müxtəlif xalqlar, etnoslar arasında qarşılıqlı anlaşmanı təşviq edən, dini, mədəni və etnik amillərdən irəli gələn müxtəlifliklərdən ərsəyə gələn düşüncələrin həyata keçirilməsində təsirli vasitə kimi faydalanmağın yollarını özündə əks etdirən unikal müzakirə platformasıdır. Ölkəmiz multikultural ənənələri ilə özünü dünyada tanıtmışdır. Azərbaycan Foruma ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa töhfə verərək dünyada baş verən qlobal əhəmiyyətli məsələlərin həllində fəal iştirak edir.

Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda ölkəmiz üçün vacib və əhəmiyyətli beynəlxalq tədbir hesab etmək olar. Çünki son zamanlarda ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib. Ölkəmiz bu tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq plaforma yaradılıb. Dünya VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşdığı zaman biz gələcəyimizi öz əllərimizdə saxlayırıq. Burada - Bakının mərkəzində bizim dünyanın gələcəyinə təsir etmək fürsətimiz var. Bu, ümid, anlaşma və dirçəlmə gətirə biləcək dinlərarası dialoq dünyasıdır.

Burada dayanıqlı inkişaf, təhsil və turizm bizi bir-birimizə yaxın edir. Burada sosial media və süni intellekt bəşəriyyəti parçalamır, birləşdirir. Bakı COP29 Sammitinə ev sahibliyi edəcəyi vaxtda biz iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyirik. 

Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.

Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. Cənubi Qafqazda onilliklərlə sürən münaqişədən sonra bu il Böyük Qayıdış reallaşır, sülhə, təhlükəsizliyə və firavanlığa yol açan Azərbaycanın suveren milli sərhədləri bərpa olunur. Qanuni yolla ərazinin uğurla azad olunması və münaqişənin beynəlxalq hüquqa uyğun həllindən sonra ədalət nəhayət ki, zəfər çalır. 

Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlər təşkil olunub. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.