Sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılıb, ordumuz cəbhə boyu irəliləməyə başlayıb.
Aparılan uğurlu əməliyyat nəticəsində Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Talış və Madagiz kəndlərini işğaldan tamamilə azad edib.
Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri sayılır. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirib.
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Madagizin tarixi adı - Suqovuşan adı bərpa olunub.
Azərbaycanın Suqovuşan su anbarını işğaldan azad etməsi ilə düşmənin enerji potensialına zərbə vurulub, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Azərbaycan Respublikasında “Suqovuşanın azad olunmasına görə” medalı təsis edilib.
Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.