Təməldən Zəfərə: Xocalıda Tarixi Bərpa və İnfrastruktur Layihələri

Təməldən Zəfərə: Xocalıda Tarixi Bərpa və İnfrastruktur Layihələri

Ülviyyə Hüseynquliyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 290 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tikinti-bərpa işləri fonunda Xocalı rayonunun yenidən qurulması həm mənəvi, həm də strateji baxımdan xüsusi rəmzi əhəmiyyət kəsb edir. Dövlət başçısının rayona mütəmadi xarakter alan rəsmi səfərləri Xocalının tarixi yaddaşının qorunması ilə yanaşı, onun müasir şəhərsalma prinsipləri əsasında yenidən doğulmasını addım-addım sənədləşdirir. Bu prosesin ən mühüm mənəvi başlanğıcı 26 fevral 2024-cü il tarixində Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimi ilə qoyulmuşdur. 

Rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən həmin görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, illərdir ürəklərdə daşınan nisgilin artıq qürur və ədalət hissi ilə əvəzləndiyinin rəsmi təsdiqi oldu. Çox keçmədən, elə həmin ilin may ayının 28-də Xocalı şəhərində əsaslı təmir və yenidənqurmadan sonra 15 çoxmənzilli binada yaradılan müasir şərait bərpa işlərinin sürətindən xəbər verdi və şəhərə köçən ilk sakinlərlə görüş qayıdışın real addımlarını nümayiş etdirdi.

İyul ayının əvvəlində isə rayona reallaşan növbəti səfər zamanı Xocalı hava limanına baxış keçirilməsi, bölgənin gələcək nəqliyyat-loqistika potensialının gücləndirilməsi istiqamətində mühüm bir mərhələ oldu.

Zaman keçdikcə quruculuq işlərinin coğrafiyası genişlənərək təkcə rayon mərkəzini deyil, həm də ətraf kənd və qəsəbələri tamamilə əhatə etməyə başladı. 2025-ci ilin fevral ayında Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq bölgənin turizm və mədəniyyət potensialının dirçəldilməsi strategiyasını ortaya qoydu. Eyni səfər çərçivəsində Ballıca kəndində fərdi evlərin bərpası və infrastrukturun yenidən qurulması işləri yerində araşdırıldı, kəndə yeni köçmüş sakinlər öz doğma ocaqlarında ziyarət edildi.

May ayında isə Xocalının iqtisadi müstəqilliyi və enerji təhlükəsizliyi üçün kritik addımlar atıldı; “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı rayona ən müasir texnologiyaların gətirildiyini sübut etdi. Paralel olaraq, Xanabad kəndində “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksinin fəaliyyətə başlaması bölgədə aqrar sahənin və məşğulluğun bərpasına güclü təkan verdi.

 Sürətli inkişaf yay aylarında da davam etdi; iyul ayında Təzəbinə kəndindəki genişmiqyaslı işlərlə tanışlıq olundu, yerli istehsalı stimullaşdıran Xocalı kərpic zavodunun açılışı reallaşdı və Xanyurdu kəndinin sakinləri ilə səmimi görüş baş tutdu. Payızın gəlişi ilə, sentyabr ayında Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinlərinin iştirakı ilə keçirilən irimiqyaslı müştərək görüş, Böyük Qayıdış proqramının sosial inteqrasiya mərhələsinin uğurunu göstərdi.

Eyni zamanda Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında görülən işlər Xocalının həm də ənənəvi kənd təsərrüfatı şöhrətini geri qaytarmaqda qərarlı olduğunu bir daha təsdiqlədi. Bütün bu ardıcıl səfərlər və açılışlar Xocalının faciə rəmzindən sürətlə inkişaf edən, müasir və dayanıqlı bir yaşam məskəninə çevrildiyini aydın şəkildə nümayiş etdirir.

 

 

Paylaş