Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə görüləm işlər Qarabağın yeni, müasir inkişaf mərhələsinin əyani sübutudur

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə görüləm işlər Qarabağın yeni, müasir inkişaf mərhələsinin əyani sübutudur

Səbinə Mürsəlova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 89 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Qarabağın hər bir guşəsi bu gün böyük bir tarixi yenidənqurma və dirçəliş dövrünü yaşayır. Bu zəncirin ən mühüm halqalarından biri də rəşadətli tariximizin və gələcək inkişafımızın simvoluna çevrilən Ağdərə rayonudur. 15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması, bu qədim diyarda yeni bir eranın — Böyük Qayıdışın və genişmiqyaslı bərpa işlərinin rəsmi başlanğıcı oldu. O gündən etibarən rayonda yol-nəqliyyat, enerji, yaşayış və sosial infrastruktur layihələrinin icrasına sürətlə start verilib.

Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 20 Sentyabr — Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü sadəcə təqvimdə qeyd olunan adi bir tarix deyil. Bu gün, həmin ərazilərin əsrlərə dayanan tarixinin, zəngin mədəni irsinin və parlaq gələcəyinin dövlətimizin diqqət mərkəzində saxlanılmasının ali ifadəsidir. 20 Sentyabr həm keçmişin ağrılı-acılı günlərini xatırlamaq, həm də gələcəyə inamla baxmaq baxımından hər bir azərbaycanlı üçün müqəddəs bir bələdçidir.

Ağdərədə aparılan quruculuq işləri illər üzrə konkret və strateji planlar əsasında həyata keçirilir. Artıq arxada qalan 2025-ci il rayonun inkişafında mühüm infrastruktur hədəflərinin reallığa çevrilməsi ilə yadda qaldı. Bu dövrdə Suqovuşan kəndində müasir standartlara cavab verən yaşayış kompleksinin istifadəyə verilməsi və tarixi-mənəvi dəyərlərimizin bərpası çərçivəsində yeni məscidin açılışı baş tutdu. Eyni zamanda, regionun nəqliyyat-loqistika potensialını gücləndirən Umudlu kəndinə gedən avtomobil yolunun istifadəyə verilməsi rayonun daxili bağlantısını əhəmiyyətli dərəcədə yaxşılaşdırdı.

İçində bulunduğumuz 2026-cı il isə Ağdərə üçün daha böyük hədəflərin və strateji baxışın təqdimat ilidir. Cari ildə Ağdərə şəhərinin Baş planının geniş ictimaiyyətə təqdim olunması, rayonda reallaşdırılan yeni enerji layihələri və müxtəlif kəndlərdə aparılan işlərin gedişatı rayonun gələcək simasını müəyyən edir. Bu çərçivədə keçirilən sakinlərlə görüşlər və yerində tanışlıqlar göstərir ki, dövlət-vətəndaş birliyi Qarabağın bərpasının əsas hərəkətverici qüvvəsidir.

Ağdərədə aparılan bütün bu nəhəng bərpa işlərinin ali məqsədi təkdir: keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək. Hazırda rayonun infrastruktur baxımından tamamilə yenilənən kəndləri artıq öz doğma sakinlərini bağrına basıb. Rəsmi göstəricilərə əsasən, rayonun 9 kəndində — Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Heyvalı, Çapar, Aşağı Oratağ və Çıldıran kəndlərində ümumilikdə 917 ailə (3 587 nəfər) məskunlaşaraq yeni həyata addım atıb.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə aparılan bərpa və quruculuq işləri Qarabağın yeni, müasir inkişaf mərhələsinin əyani sübutudur. İşğaldan azad olunmuş ərazilərdə təkcə yollar, yaşayış məhəllələri, məktəblər və xəstəxanalar tikilmir; burada insanların təhsil, sosial, mədəni və iqtisadi imkanlarını tam təmin edən böyük bir ekosistem qurulur.

Doğma torpaqlara qayıdan soydaşlarımızın burada qurduğu yeni həyat, bu torpaqların əbədi olaraq Azərbaycanın ayrılmaz inkişaf mərkəzlərindən birinə çevriləcəyinin ən böyük təminatıdır.


Paylaş