Fərqanə Babayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsində qazandığı şanlı qələbə nəticəsində regionda yaratdığı yeni reallıq sülhə, əmin-amanlığa, qarşılıqlı faydalı əməkdaşlığa və regionun tərəqqisinə xidmət edən praktiki nəticələr verməyə başlayıb. Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilərin bərpasına və kommunikasiyaların açılmasına yaşadığımız bölgədə sülh, sabitlik, region ölkələri üçün yeni formatda əməkdaşlığın bərqərar olması və davamlı xarakter almasının ən vacib amillərdən biri kimi baxır. Ona görə də iki qardaş ölkənin dövlət başçıları-Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən keçən ilin 26 oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılışı kimi, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq hava limanının açılışı da çox mühüm hərbi strateji bir layihə olmaqla yanaşı, həm də dünyaya növbəti sülh və əməkdaşlıq mesajıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb... Biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. Hazırda siyasi şəraitin xeyli gərginləşdiyi bir vaxtda bu, çox yerində, zamanında və təkcə Ermənistan deyil, ona havadarlıq edən məlum ünvanlara yönəlmiş çox vacib bir mesajdır. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.
Bu gün Azərbaycanın hər yerində abadlıq-quruculuq işləri aparılır. Xalqın birliyindən, iradəsindən, dəstəyindən güc alan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər müasir, gözoxşayan yaşayış yerlərinə çevrilir. İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti indi bütün gücünü xalqın rifah halının yaxşılaşmasına, xoş güzəranına sərf edir. Bu məqsədlə ölkəmizdə ilk növbədə vaxtilə yurd yerlərindən didərgin düşmüş vətəndaşlarımızın doğma el-obalarına qayıtmaları istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.
Azad olunmuş ərazilərdə hərtərəfli inkişafı təmin etmək, yox olan şəhərləri bərpa etmək isə güclü, qüdrətli Azərbaycanın qarşıya qoyduğu ən vacib vəzifədir. Bu gün bu məqsədə çatmaq, düşmənin bağrını yarıb, dostu sevindirən Böyük Qayıdışın reallaşması isə vaxt, zaman tələb edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: "İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir".
Bəli, 30 il ərzində düşmən əsarətində olan ərazilərini azad edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu yerlər qısa müddətdə inkişaf etmiş, beynəlxalq aləmə inteqrasiya olunmuş mərkəzə çevriləcəkdir.