Ülkər Əsədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
Prezident İlham Əliyev cari ilin 3 noyabr
tarixində Astanada keçiriliən Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündə iştirak edib. Zirvə görüşünü Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev açaraq qonaqları salamlayıb. O, Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də çıxışında Azərbaycan xalqının Türk dünyasında layiqli yer tutmasından və İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar əldə etməsindən söz açmışdır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulamışdır.
Dövlət başçısı İlham Əliyev də Zirvə görüşündə çıxış etmişdir. Ölkə başçısı çıxışında Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyi dəstək üçün minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyev Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyulmasından, Türk dövlətləri ilə ticarət dövriyyəsinin ötən il ilə müqayisədə cari ilin yanvar- sentyabr aylarında 40 faiz artdığını vurğulamışdır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə olduğunu vurğulayan cənab Prezident Şərq- Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə ölkəmizin verdiyi töhfəni qeyd etmişdir. Prezident çıxışında üzv ölkələr arsında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasını toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.
44 günlük Vətən müharibəsindən və Azərbaycanın uğurlarından bəhs edən Prezident işğaldan azad olan ərazilərə “Böyük Qayıdış Proqramı”nın icra edilməsini, 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsininın nəzərdə tutulduğunu vurğulamışdır. İlham Əliyev Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirmiş, Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə isə Qazaxıstanın Prezidenti Kasım- Jomart Tokayevə təşəkkürünü bildirmişdir.
Zirvə görüşündə cənab Prezident çıxışını bu sözlərlə başa çatdırmışdır: “Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq”.