Tramp-Vens administrasiyasının ölkəmizə münasibətini yüksək qiymətləndiririk
Ziyafət Rəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
ABŞ-ın vitse-prezidenti Cey D. Vensin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar və imzalanmış sənədlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərmişdir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat isə bu əməkdaşlığın siyasi mahiyyətini, gələcək perspektivlərini və qarşılıqlı etimad mühitini açıq şəkildə əks etdirmişdir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Azərbaycan Tramp-Vens administrasiyasının ölkəmizə olan müsbət münasibətini yüksək qiymətləndirir və buna görə olduqca minnətdardır. Bu ifadə diplomatik münasibətlərin səmimiliyini göstərməklə yanaşı, iki ölkə arasında formalaşmış strateji dialoqun dərinliyini də nümayiş etdirir. Azərbaycanın ABŞ ilə əməkdaşlığa xüsusi önəm verməsi ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir.
Dövlət başçısı qeyd etmişdir ki, dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq Azərbaycan üçün böyük şərəfdir. Bu fikir təkcə siyasi bəyanat deyil, həm də beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan rolunun göstəricisidir. Azərbaycan müstəqil və suveren dövlət kimi öz milli maraqlarını qorumaqla yanaşı, qlobal tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə çalışır. ABŞ ilə qurulan strateji münasibətlər də məhz bu məqsədə xidmət edir.