TDT türk dünyasının informasiya cığırlarını da birləşdirir

TDT türk dünyasının informasiya cığırlarını da birləşdirir
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin 
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru

21 may 2025-ci il tarixində Budapeşt şəhəri tarixə şahidlik etdi. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Macarıstanın paytaxtında baş tutdu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı, bir tərəfdən ölkəmizin təşkilat çərçivəsində artan nüfuzunu ortaya qoydu, digər tərəfdən isə regional və qlobal proseslərdə Azərbaycanın söz sahibinə çevrildiyini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında Azərbaycan-Macarıstan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd etdi. “Bu, mənim Macarıstana altıncı səfərimdir, cənab Orban isə Azərbaycana yeddi dəfə səfər edib,” deyən dövlət başçısı Macarıstanı Azərbaycanın etibarlı və müstəqil siyasət yürüdən strateji tərəfdaşı kimi səciyyələndirdi. Bu münasibətlərin fonunda Budapeşt Zirvəsi həm də ikitərəfli əlaqələrin yüksək səviyyəsini nümayiş etdirdi.

Azərbaycanın təşəbbüsü ilə ötən il Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Budapeştdə baş tutan bu ikinci toplantı, Türk Dövlətləri Təşkilatında sabit liderlik və sistemli təşəbbüslərin uğurla davam etdirildiyini sübut etdi. Prezident İlham Əliyev çıxışında təşkilatın rəsmi Zirvə görüşünün bu il Azərbaycanda keçiriləcəyini elan edərək, üzv dövlətlərin rəhbərlərini ölkəmizə dəvət etdi.

Azərbaycanın təşkilata və üzv ölkələrə yatırdığı sərmayələrin həcmi 20 milyard ABŞ dollarını keçib. Bu fakt özü-özlüyündə Azərbaycanın yalnız siyasi deyil, həm də iqtisadi inteqrasiyada aparıcı rol oynadığını təsdiqləyir.

Nəqliyyat və logistika sahəsində Azərbaycan artıq bölgənin əsas oyunçularından biridir. Avtomobil yolları, dəmir yolları, Xəzər dənizi limanları, hava nəqliyyatı infrastrukturu – bütün bu sahələrə son illərdə böyük yatırımlar edilib. Prezident Əliyev qeyd etdi ki, 2024-cü ildə türk dövlətlərinin Azərbaycan ərazisindən keçən tranzit daşımalarının həcmi 11 milyon ton olub. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.

Hazırda Xəzər dənizi limanları arasında vahid rəqəmsal platformanın yaradılması üzərində iş aparılır. Bu təşəbbüs yalnız texnoloji deyil, eyni zamanda siyasi cəhətdən də strateji əhəmiyyət daşıyır – türk dünyası informasiya cığırlarını da birləşdirir.

Azərbaycanın qlobal liderlik iddiası təkcə regional müstəvi ilə məhdudlaşmır. 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 konfransı dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Cəmi 11 ay ərzində təşkil edilən bu mötəbər tədbirdə 77 min iştirakçı, 197 ölkə, 70 dövlət və hökumət başçısı yer aldı. Azərbaycan “Qlobal Şimal” ilə “Qlobal Cənub” arasında körpü rolunu oynamaqla iqlim gündəliyinə töhfə verən real nəticələrə nail oldu.

Ən mühüm qərarlardan biri, inkişaf etməkdə olan ölkələrə iqlim dəstəyi üçün maliyyənin 100 milyarddan 300 milyard dollara artırılması ilə bağlı razılaşma idi. Eyni zamanda, 10 illərdir nəticə verməyən karbon bazarlarının tənzimlənməsi sahəsində konsensus əldə olundu. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş, türk dövlətlərinin ekoloji cəhətdən təmiz enerji istehsalı və nəqlində də birgə hərəkət etməsi üçün yeni imkanlar açır.

Budapeşt Zirvəsi təkcə bir görüş deyildi – bu, Türk Dövlətləri Təşkilatının inkişaf fəlsəfəsinin, davamlı dialoqun və konkret nəticələrə söykənən siyasətin ifadəsi idi. Azərbaycanın liderliyi ilə formalaşan bu əməkdaşlıq modeli Türk dünyasının gələcəyini yalnız regional deyil, həm də qlobal miqyasda daha güclü və əlaqəli edəcək.

Prezident İlham Əliyevin zirvədəki çıxışı göstərdi ki, Azərbaycan üçün Türk dünyası bir identiklik deyil, həm də inkişafın möhkəm platformasıdır.