Dilarə Zeynalova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin müəllimi
Vətənə, xalqa, dövlətə sədaqət və məhəbbət rəmzi və parlaq dühası ilə xalqının Ümummilli Liderinə çevrilən dahi insan, dünya ölkələri sırasında millətini, dövlətini layiqli yerə çıxaran siyasətçi...
Qurub yaratmaq onun alın yazısı idi. Yaratdıqları da özü kimi böyük və əvəzolunmaz idi. O, xalqının tarixini yaradırdı, yazırdı. İlləri illərə calayaraq sanki bir memar qüdrəti ilə bütün istedad və bacarığını möhtəşəm bir tablonun yaranmasına sərf edirdi. Böyük sevgi ilə ərsəyə gətirdiyi bu tablonun adı isə Azərbaycan idi! Uzaqgörən siyasətçilər heç şübhəsiz böyük idarəçilik təcrübəsinə, siyasi fəhmə malik, insan qəlbinin istəklərini duyan, anlayan şəxsiyyət olmalıdırlar. Heydər Əliyev də belələrindən idi. İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin ali keyfiyyətlərindən idi. Onun simasında böyük siyasətçinin peyğəmbər uzaqgörənliyi və sərkərdəlik bacarıqları cəmləşirdi.
Azərbaycanın müstəqillik əldə etməsi prosesi 80-ci illərin əvvəllərindən başlamışdı. Bu bütün dünyada baş verən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi. Obyektiv səbəblər SSRİ-nin dağılması ilə həm də 15 müttəfiq respublikanın müstəqillik əldə etməsi ilə nəticələndi. Azərbaycanın müstəqillik əldə etməsi əlbəttə müəyyən siyasi qüvvələrin, təşkilatların, konkret şəxslərin ürəyincə deyildi. Əgər xalq ayağa qalxıb öz hüquqlarını tələb edirsə qısa zaman ərzində kiçik məmləkət böyük dövlətə çevrilir. Amma Azərbaycanda iqtisadi-sosial böhran dərinləşir, əhalinin həyat səviyyəsi aşağı düşürdü. Rəhbər vəzifələrə savadı, təcrübəsi, bacarığı yetərincə olmayan cəbhəçilərin təyin edilməsi bütün hüquq normalarını pozur, ağır nəticələrə gətirib çıxarırdı. Hətta Azərbaycanı parçalamaq cəhdləri kimi hallar da müşahidə olunurdu. Bütün bunların qarşısı sivil şəkildə alınmalı idi. Dağlıq Qarabağ problemi, Sürət Hüseynovun üsyanları, Gəncə hadisələri kimi ciddi problemləri həll etmək vacib idi. Yuxusu ərşə çəkilmiş millətin əsgəri də fəhləsi də yaşlısı da qocası da adi vətəndaşı da öz əzəmətli xilaskarını, sərkərdəsini gözləyirdi.
Ən çətin məqamlarda vətəni Azərbaycanın taleyini öz taleyində yaşayan vətəndaş nəhayət ki, özünü yetirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev misilsiz fədakarlıq nümayiş etdirmiş, anarxiyanın qarşısını almış, xalqı dərin tənəzzülün məngənəsindən xilas etmiş, hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etdi.
Zaman göstərdi ki, bu gəliş bütün mənalı ömrünü Azərbaycanın işıqlı sabahına həsr edən Heydər Əliyevin hakimiyyətə yeni gəlişi yox hakimiyyətə qayıdışı idi. 15 iyun 1993-cü il tarixin yeni bir qurtuluş səhifəsinin yaranmasına şahid oldu. 1993-cü il oktyabrın 5-də Azərbaycan xalqı Heydər Əliyevi prezident seçdi. Sonrakı dövr ərzində dahi şəxsiyyət bir çox strateji addımlar ataraq dövlətçilik ənənələrinin inkişafına böyük töhfə verdi. Azərbaycan dünya təşkilatlarına üzv oldu. Əsrin müqaviləsi adlandırılan neft müqavilələrinin bağlanmasına nail oldu. Nəhənglərlə çarpışdı. Döyüşlər dayandırıldı, iqtisadiyyat dirçəldi, əhalinin güzaranı yaxşılaşdı. Qurdu, yaratdı, Ümummilli Lider. 2003-cü ildə isə Heydər Əliyevin ən etibarlı silahdaşı, siyasi davamçısı İlham Əliyev xalqın ona göstərdiyi böyük etimad nəticəsində ölkəni idarə etməyi öz üzərinə götürdü. Ata əmanəti, yadigarı olan itirlmiş torpaqlar gərgin əməyin və uzaqgörən tədbirlərin nəticəsində geri qaytarıldı. Bu gün suverenliyini bərpa etmiş Azərbaycan haqqında fəxarətlə danışa bilərik. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan Azərbaycan bayrağını görəndə qəlbimiz qürurla döyünür.
Qurtuluşun mübarək qüdrətli Azərbayacan!