Araz Baloğlanov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin təşkilatçısı
1918-ci il 28 may tarixində Azərbaycan xalqı tarixində mühüm bir səhifə açdı – Azərbaycan Xalq Cümhuriyyəti
elan olundu. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütün Şərq üçün bir ilk idi. Çünki bu cümhuriyyət Şərqdə ilk dəfə olaraq demokratik, hüquqi və dünyəvi əsaslarla qurulmuş parlamentli respublika idi. Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq və suverenlik ideyaları üzərində yüksəlirdi. Cəmi 23 aylıq ömrünə baxmayaraq, Cümhuriyyət dövründə müasir dövlətçilik əsasları qoyuldu. Parlament yaradıldı, ilk Konstitusiya aktları hazırlandı, milli ordu quruldu və dövlət rəmzləri qəbul olundu. O dövrdə Avropanın bir çox ölkəsində qadınların seçki hüququ belə yox idi. Təəssüf ki, 1920-ci ilin aprelində sovet işğalı ilə bu azadlıq müvəqqəti dayandırıldı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti xalqın qəlbində bir müstəqillik idealı kimi yaşamağa davam etdi və 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, məhz bu cümhuriyyətin varisi olduğunu bəyan etdi.
Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin rolu müstəsna əhəmiyyətə malikdir. O, təkcə müasir Azərbaycan Respublikasının qurucusu deyil, həm də əsrlər boyu formalaşmış milli dövlətçilik ənənələrinin davamçısı və qoruyucusu olmuşdur. Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini müstəqil, güclü və hüquqi dövlətin qurulması təşkil edirdi. 1993-cü ildə Azərbaycan dövlətçiliyi böyük təhlükə qarşısında qaldıqda, xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi bərpa etmiş, separatçılıq və vətəndaş qarşıdurmasının qarşısını almış, dövlət müstəqilliyinin qorunmasına və möhkəmlənməsinə nail olmuşdur. Onun qətiyyətli siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə tanınan, güclənən və regionun lider dövlətlərindən birinə çevrilmişdir.
Ulu öndərin dövlətçilik fəlsəfəsində qanunun aliliyi, siyasi sabitlik, iqtisadi inkişaf, milli maraqlar və vətəndaş həmrəyliyi əsas yer tuturdu. Heydər Əliyev öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan Respublikası, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və tarixi varisidir. Bu isə onun tarixi irsə bağlılığını və milli dəyərlərə sadiqliyini açıq şəkildə göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza miras qoyduğu ən dəyərli rəmzlərdən biri – üçrəngli bayrağımız, bu gün dövlətçiliyimizin, milli kimliyimizin və müstəqilliyimizin simvoludur. Uzun illər işğal altında qalan Qarabağ və ətraf rayonlarda bu bayrağın dalğalanması xalqımızın böyük arzusu idi.
2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu Qələbə nəticəsində torpaqlarımız azad edildi və Azərbaycan Bayrağı yenidən Şuşada, Laçında, Füzulidə və digər ərazilərdə ucaldı. Bayrağımızın bu torpaqlarda dalğalanması təkcə hərbi uğur deyil, İlham Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin parlaq nəticəsidir. Bu gün bayrağımız Cümhuriyyətin ideallarının yaşadığını, müstəqil Azərbaycanın güclü və qürurlu olduğunu bütün dünyaya nümayiş etdirir.