Sənayecihaz Elmi-İstehsalat Müəssisəsinin Dalğa zavodunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur

Sənayecihaz Elmi-İstehsalat Müəssisəsinin Dalğa zavodunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur

26 fevral 2026-cı ildə YAP Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatında (Sənayecihaz Elmi-İstehsalat Müəssisəsinin Dalğa zavodu) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımında həlak olmuş günahsız vətəndaşlarımızın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri giriş sözü ilə açan zavodun direktoru Tofiq Mədətov çıxış edərək bildirmişdir ki, Xocalı faciəsinin XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirilib, yüzlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib: “Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. Bu soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı Soyqırımı Günü haqqında qərar qəbul edib. O, çıxışında Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirdiyini qeyd edib.

ƏPT sədri Kəmalə Həmzəyeva, iştirakçılar Qulu Xəlilov, Sadiq Qədirov, Nəzakət Bəylərova və Nazim İmanov çıxış edərək Xocalı soyqırımının iki əsrə yaxın müddətdə azərbaycanlılara qarşı həyata keçirilən ardıcıl deportasiya və soyqırımı siyasətinin davamı kimi qiymətləndirilməsini, artıq dünya ictimaiyyətinin Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü informasiya siyasəti nəticəsində Xocalı soyqırımı haqqında geniş məlumatlandırılmasını, 44 gün davam edən Vətən müharibəsində əldə olunan tarixi Qələbə nəticəsində Xocalı şəhidlərinin qisasının döyüş meydanında alınmasını, 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrin heç vaxt unudulmayacağını, bu qanlı səhifənin tariximizin yaddaşında daim yaşayacağını vurğulamışlar.