Səhiyyə İşçiləri Günü: Ağ xalatlı qəhrəmanlar

Səhiyyə İşçiləri Günü:  Ağ xalatlı qəhrəmanlar

 Ülviyyə Cəfərli

Suraxanı Tibb Mərkəzinin xəstə xidmətləri şöbəsinin müdiri

YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya təşkilatının sədri 

17 İyun Səhiyyə İşçiləri Günü həm qürurverici, həm də dərin mənalıdır. Bu gün – insan həyatına, sağlamlığına xidmət edənlərin bayramıdır. Tibbi savad, peşə bacarığı, texniki biliklər – bunlar vacibdir, bəli. Amma səhiyyə sahəsində əsl peşəkar – ürəyi ilə işləyəndir. Qayğı göstərən, dinləyən, sakitləşdirən, yaşadan insandır.

Səhiyyə sahəsinə daim xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev belə deyirdi: “Həkimlərin əməyi hər zaman müqəddəsdir. İnsan sağlamlığı dövlətin əsas prioritetlərindən biridir.” Onun rəhbərliyi dövründə səhiyyə yalnız tibbi xidmət sahəsi yox, insana olan dəyərin simvolu kimi inkişaf etdirildi. Müasir xəstəxanaların inşası, ixtisaslı tibbi kadrların hazırlanması, bölgələrdə səhiyyənin əlçatan edilməsi onun uzaqgörən siyasətinin bir hissəsi idi.

Bu yolun davamçısı olan cənab Prezident İlham Əliyev isə səhiyyəni ən ön səviyyəyə çıxarıb. İcbari tibbi sığorta, elektron səhiyyə sistemi, rəqəmsallaşma, TƏBİB-in fəaliyyəti, rayonlarda yeni xəstəxanaların inşası – bütün bunlar vətəndaşların daha keyfiyyətli və bərabər tibbi xidmət alması üçündür. Prezidentimizin sözləri bu istiqaməti aydın göstərir: “Azərbaycan vətəndaşı yüksək səviyyəli tibbi xidmətlə təmin olunmalıdır və bu, dövlət siyasətinin prioritet istiqamətidir.”

Biz bu sözləri pandemiya dövründə daha dərindən dərk etdik. Covid-19 pandemiyası dövründə Azərbaycan tibb işçiləri əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Onlar öz ailələrindən, yaxınlarından uzaq düşərək gecə-gündüz xəstəxanalarda çalışdılar. Qorxu və riskə baxmayaraq, hər xəstəyə şəfqətlə yanaşdılar, minlərlə insanın həyatını xilas etdilər. Onların bu ağır şəraitdə göstərdiyi fədakarlıqları və peşəkarlıqları  xalqımızın yaddaşında silinməz iz qoydu.. Onların  xidməti sayəsində ölkəmiz çətin sınaqdan üzüağ çıxdı. Bəzi tibb işçiləri öz sağlamlıqlarını itirdilər, bəziləri həyatını qurban verdilər, amma onlar üçün əsas olan insan həyatı idi. Bu şərəfli missiya hər bir həkimin və tibb işçisinin ürəyində daşıdığı müqəddəs andın təcəssümü oldu.

Azərbaycan səhiyyəsinin sütunlarından biri – akademik Zərifə xanım Əliyeva olmuşdur.  Zərifə Əliyeva yalnız göz həkimi deyildi – o, təhlükələrə baxmayaraq ağır istehsalat şəraitində çalışan insanların sağlamlığına yönəlmiş tədqiqatlara imza atmış, ilk qadın oftalmoloqlardan biri kimi elmdə böyük nüfuz qazanmışdır. O həm də qadın zərifliyi ilə peşəkarlığı birləşdirərək gənc tibb işçilərinə örnək olmuşdur. Onun elmi irsi hal hazırda da  Azərbaycan oftalmologiyasında təməl rol oynayır.

Bu gün isə  onun humanist yolunu çox hörmətli Mehriban xanım Əliyeva böyük məhəbbətlə və fədakarlıqla davam etdirir. Heydər Əliyev Fondu vasitəsilə uşaq sağlamlığı, onurğa və ürək xəstəlikləri, şəhid və qazi ailələrinin tibbi təminatı, ucqar bölgələrdə  tibbi xidmətlər – bu sahələrdə yüzlərlə layihə həyata keçirilib.

Və əlbəttə, 44 günlük Vətən müharibəsi...

Vətən sevgisi bizim damarlarımızda axan qan qədər müqəddəsdir. Bu torpaq bizə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əmanət qalıb. 44 günlük Vətən müharibəsi zamanı təkcə əsgərlər deyil, ağ xalatlı qəhrəmanlar – həkimlərimiz, tibb bacılarımız  da tarix yazdı. Səngər ilə xəstəxana arasındakı o görünməyən cəbhədə – qan, göz yaşı və dua arasında tibb işçiləri ölümün qarşısında dayandılar. Onlar yalnız yaraları sarımadılar, həm də ailələrin ümidsiz gözlərinə ümid oldular. Bu gün azad nəfəs alırıqsa, bu, qanını bu torpağa qurban verən şəhidlərimizin sayəsindədir. Biz onların qarşısında baş əyirik!

Qazilərimiz – ömür boyu yaşadıqları ağrını, bəzən bir ayağını, bir qolunu, amma heç vaxt ruhunu itirməyənlərdir. Onlar bu xalqın sağ qalan vicdanıdır. Onlara xidmət etmək, onların yaralarını sağaltmaq hər bir tibb işçisinin şərəfli borcudur.

Bu yolda dövlətimiz də daim onların yanında oldu. Cənab Prezident  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  şəhid və qazi ailələrinə göstərilən diqqəti sistemli yanaşma ilə reallaşdırdı – reabilitasiya mərkəzləri, sosial layihələr, tibbi xidmətlər bu qayğının bariz nümunəsidir.

Və biz  Suraxanı Tibb Mərkəzi olaraq bu məsuliyyəti dərindən hiss edirik.
Bu ailələr bizim üçün sadəcə pasiyent deyil – qürur yerimiz, müqəddəs əmanətimizdir. Hər bir şəhid ailəsinin, hər bir qazimizin sağlamlığına, rahatlığına, psixoloji və sosial ehtiyaclarına maksimum diqqət göstərilir. Qapılarımız onlara hər zaman açıqdır – və biz göstərdiyimiz xidməti  əmrlə yox, vicdanla edirik. Biz bilirik ki, Vətən sevgisi yalnız döyüşdə olmur. Vətən sevgisi çalışdığın yerdə, xidmətdə, fədakarlıqda, insanlara göstərdiyin mərhəmətdə özünü göstərir.

Bu gün burada olan hər bir tibb işçisi – sizlər – Vətənin ağ xalatlı qəhrəmanlarısınız. Bu peşə vicdanla seçiləcək, qürurla daşınacaq, hörmətlə yaşanacaq bir peşədir. Həkim olmaq üçün diplom kifayət etmir böyük bir ürək lazımdır.Siz belə bir ürəyə sahibsiniz!  Bu gün sizin gününüzdür. Amma siz hər gün qəhrəmansınız. Sizin əməyiniz  bu xalqın sağlam sabahıdır. Sizin varlığınız  bu millətin güvənidir.Sizi bir daha ürəkdən təbrik edirəm. Peşəkar yolunuz açıq, ruhunuz güclü, əlləriniz şəfalı olsun!

Bayramınız mübarək!