Şəhidlərimizin xatirəsinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb

Şəhidlərimizin xatirəsinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb
Könül Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayon Gənclər və İdman İdarəsinin könüllülərdən ibarət qrupun rəhbəri
27 sentyabr – “Anım Günü” şəhidlərimiz, 44 günlük Vətən Müharibəsi qəhramanları dünya azərbaycanlıları tərəfindən yad edilir. Hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri davam edir və bu çərçivədə Prezidentimizin növbəti səfəri 27 sentyabr - Anım Günündə işğaldan azad olunmuş ilk kəndlərimizdən biri olan Qaraxanbəylidə olmuşdur. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunan xatirə lövhəsinin açılışını həyata keçirmişlər.
“Şəhidlərimizin xatirəsinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”. Qaraxanbəyli kəndində çıxışında İlham Əliyev qeyd etmişdir.
Son olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.