Şəhid Səbuhi Orucova həsr olunmuş “Sonuncu səngər” adlı kitabın təqdimat mərasimi keçirilib

Şəhid Səbuhi Orucova həsr olunmuş “Sonuncu səngər” adlı kitabın  təqdimat mərasimi keçirilib

02.12.2022-ci il tarixdə məzunu olduğu Suraxanı rayonu 87 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi (MAHHXHQ) Orucov Səbuhi Vahid oğluna həsr olunmuş “Sonuncu səngər” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov, “Sonuncu səngər” adlı kitabının müəllifi Təranə Cəbiyeva, şəhid ailə üzvləri, qazilər iştirak etmişlər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğranda canlarını qurban vermiş Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

“Sonuncu səngər” adlı kitabın müəllifi Təranə Cəbiyeva çıxış edərək bildirmişdir ki, 44 günlük Vətən Müharibəsində ölkəmiz üç minə yaxın övladını şəhid vermişdir. Onlardan əlli altı şəhid Suraxanı rayon sakini olmuşdur. “Sonuncu səngər” adlı kitabda Suraxanı rayon sakini olmuş Vətən Müharibəsi şəhidi Orucov Səbuhi Vahid oğlundan bəhs edilib. Təranə Cəbiyeva kitabı şəhidin anasına şəxsən təqdim etmişdir.

Daha sonra Suraxanı rayonu Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin yetirmələri şəhidlərlə bağlı hazırladıqları ədəbi-bədii, müsiqili kompazisiyalar tədbir iştirakçılarına təqdim olunmuşdur.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov çıxış edərək bildirdi ki, Vətən Müharibəsində şəhid olmuş hər bir övladımızın əziz ruhları qarşısında baş əyir. Yerli təşkilatın sədri bildirmişdir ki, şəhidlərlə bağlı kitabların yazılması, filmlərin çəkilməsi, tamaşaların səhnəyə qoyulması gələcək nəsillərin şəhidləri unutmaması baxımından çox vacibdir. Vüqar Seyidov kitabın müəllifinə öz minnətdarlığını bildirərək dedi ki, YAP Suraxanı rayon təşkilatı bundan sonra da şəhidlərimizlə bağlı yazılmış kitabların təqdimatlarına dəstək verəcəkdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin Səbuhi Orucovun anası Narınc Orucova cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişdir.