Şəhid Muxtar Qasımlının doğum gününə həsr olunmuş tədbir keçirildi
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə məzunu olduğu şəhid Muxtar Qasımlının doğum gününə həsr olunan “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Tədbirdən öncə şəhid Muxtar Qasımlıya həsr olunmuş guşənin önünə tər qərənfillər düzülüb.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin bədii hissəsində məktəbin 4 “A” sinfinin şagirdlərinin ifasında şeir və musiqi kompozisiyaları nümayiş etdirilib. Tədbirin rəsmi hissəsini açan 318 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov tədbir iştirakçılarını salamlamış, şəhid Qasımlı Muxtarın həyat yoluna nəzər salıb, onun məktəb həyatından, döyüş yolundan danışdı.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, şəhid Kazımlı Mürsəlin atası Kamil Kazımlı, Şəhid Qasımlı Muxtarın məktəbdə müəllimi olmuş Tutu Həmzəyeva çıxış edərək bildiriblər ki, şəhidlərimiz xalqımızın qüruru, tariximizin şərəf səhifəsi və gələcək nəsillərə örnək olan qəhrəmanlardır. Vurğulanıb ki, Qarabağ uğrunda gedən döyüşlərdə canından keçən igidlərimizin fədakarlığı heç zaman unudulmayacaq.
Sonda şəhidin atası Əli Qasımov və anası Almaz Qasımova tədbir iştirakçılarına, məktəb rəhbərliyinə, 4 “A” sinfinin şagird – müəllim kollektivinə öz təşəkkürlərini bildirmişlər.