Bu gün, 37 yaşında Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan baş leytenant, Həmidov Mixail Hamlet oğlunun doğum günüdür.Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, RİHB-nin müavinlərinin və şöbə müdirlərinin, Şəhidin ailə üzvlərinin iştirakı ilə II Fəxri Xiyabanda məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla anılmışdır. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixail Həmidov öz istəyi ilə müharibəyə yollanıb. Müharibə zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb və silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanıb. Mixail Həmidov oktyabrın 23-də Füzuli döyüşləri zamanı Şəhid olub.
Qeyd edək ki, Şəhidimiz Mixail Həmidov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilmişdir.