Şəhid Elsevər Yarıyevin anım gününə həsr olunmuş "Vətən sağ olsun" adlı tədbir təşkil olundu
Bu gün, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Yarıyev Elsevər Qalib oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötür. Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adını Şəhidlik zirvəsinə yazan qəhrəman vətən oğullarımızdan biri, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Elsevər Yariyevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik.
Qeyd edək ki, Şəhid Elsevər Yariyev 1986-cı il sentyabrın 25-də Xudat şəhərində anadan olub. 1993-2004-cü illərdə Xaçmaz rayonu K. Məhərrəmov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2009-cu illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsil alıb. O, hələ uşaqlıqdan hərbçi olmağı arzulayarmış. Bu sevgi ona atası, mayor Qalib Cəlaloğlundan keçib. Atası da 90-cı illərin Qarabağ müharibəsinin iştirakçısı olub. Şəhid Elsəvər Yariyev Vətən müharibəsindən öncə, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsi döyüşlərinə sentyabrın 28-i qatılıb.
Şəhid Elsevər Yariyev Füzuli rayonu Alxanlı kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Onun nəşi Xudat şəhərinə gətirilərək dəfn edilib. Şəhidimizin özündən sonra Qalib və Gülər adlı övladları yadigar qalıb. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir.
Məktəbimizin 3"C" sinfinin adını daşıyan Şəhid Elsevər Yarıyevin anım gününə həsr olunmuş "Vətən sağ olsun!" adlı tədbir təşkil olundu. Tədbir 3 "C" sinif şagirdlərinin şəhidimizin xatirəsini ucaldan bir-birindən gözəl çıxışları davam etdi.
Sonda məktəbin direktoru Südabə Abdullayeva, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov və YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı diləklərini çatdırıblar. Şəhidin həyat yoldaşı, məktəbimizin əməkdaşı Elnarə Yarıyeva çıxışında məktəb rəhbərliyinə və tədbirin ərsəyə gəlməsində köməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Hər biri bir qəhrəmanlıq dastanı olan Şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik!