Suverenliyimiz tam, müstəqilliyimiz əbədidir
Tarix boyu müstəqillik və azadlıq uğrunda şərəfli mübarizə aparan Azərbaycan xalqı üçün 20 Sentyabr təkcə təqvimdəki adi bir gün deyil; bu tarix milli qürurun, ədalətin və dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün ölkənin hər bir qarışında Azərbaycan Respublikasının Konstitusiya quruluşunun və tam suverenliyinin bərpa olunduğu tarixi anı təcəssüm etdirir. Müstəqil dövlətimiz öz milli maraqlarını qətiyyətlə qoruyaraq tarixi ədaləti tam bərqərar etmişdir.
2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda uzun illər mövcud olmuş separatizmə tamamilə son qoyuldu. Cəmi 24 saatdan da az müddətdə gerçəkləşdirilən bu dəqiq və peşəkar əməliyyat sayəsində qanunsuz hərbi birləşmələr tərk-silah edildi. Bununla da onilliklərlə davam edən vətən həsrətinə son qoyuldu; Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə üçrəngli dövlət bayrağımız qürurla dalğalanmağa başladı. Bu parlaq zəfər, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbənin məntiqi, hüquqi və tarihi yekunudur.Dövlət suverenliyinin bütün ölkə ərazisində bərpa olunması yalnız hərbi-siyasi uğur deyil, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyətinin, uzaqgörən siyasətinin, rəşadətli Azərbaycan Ordusunun gücünün və xalqımızın polad birliyinin zirvəsidir. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabına qazanılan bu tarixi qələbə sayəsində bu gün Azərbaycan öz beynəlxalq sərhədləri daxilində tam hakimiyyətə malikdir. Ölkəmiz artıq regionda sülhü və təhlükəsizliyi diktə edən qalib və qüdrətli bir dövlətdir.
Bu tarixi zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda sürətlə başlanan bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurla həyata keçirilməsi suverenliyimizin real müstəvidə təsbitinin ən parlaq göstəricisidir. Müasir infrastrukturun qurulması, "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin gerçəkləşməsi, doğma ocaqlarına qayıdan soydaşlarımızın təhlükəsiz və rifah içində yaşaması Azərbaycanın iqtisadi və təşkilati gücünü bütün dünyaya nümayiş etdirir.
Tam bərpa olunmuş suverenlik təkcə keçmişin zəfəri deyil, həm də gələcəyə doğru əmin addımlarla irəliləyən, Cənubi Qafqazda davamlı sülhün və inkişafın təminatçısına çevrilən qüdrətli Azərbaycanın möhkəm təməlidir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü, gələcək nəsillərə əmanət edilən azad, bütöv və sarsılmaz Azərbaycanın parlaq simvoludur. Bu tarix xalqımızın azadlıq iradəsinin və dövlətimizin əbədi yaşayacağının ən böyük təminatıdır.