Şuşa zəfərinə gedən uzun yol: 28 illik həsrətdən tarixi Qələbəyə

Şuşa zəfərinə gedən uzun yol: 28 illik həsrətdən tarixi Qələbəyə

Südabə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Şuşanın azadlığı təkcə hərbi əməliyyatın nəticəsi deyil, 28 il davam edən həsrətin, milli iradənin, siyasi qətiyyətin və ordunun qəhrəmanlığının təntənəsi idi. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşaya aparan yol uzun illər davam edən mübarizədən, itkilərdən və sarsılmaz qayıdış əzmindən keçdi.

1748-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa tarixən Qarabağ xanlığının mühüm siyasi və mədəni mərkəzlərindən biri olub. Bu şəhər yalnız coğrafi mövqeyinə görə deyil, yetişdirdiyi görkəmli şəxsiyyətlər, zəngin ədəbi-mədəni irsi və milli kimliyimizdəki yeri ilə də Azərbaycanın mənəvi dayaqlarından sayılıb. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif kimi şəxsiyyətlərin adı Şuşanın mədəni salnaməsini formalaşdırıb.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. Şəhərin itirilməsi ilə Qarabağın mədəni irsinə də ağır zərbə vuruldu. Sonrakı 28 il ərzində Şuşaya qayıdış arzusu xalqın milli yaddaşında yaşayan müqəddəs məqsədə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi ədalətin bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad etdi. Cəbrayılın oktyabrın 4-də, Füzulinin oktyabrın 17-də, Zəngilanın oktyabrın 20-də, Qubadlının isə oktyabrın 25-də azad edilməsi Şuşaya doğru irəliləyişin mühüm mərhələləri idi.

Şuşa əməliyyatı isə Vətən müharibəsinin ən mürəkkəb və həlledici döyüşlərindən biri kimi tarixə düşdü. Şəhərin dağlıq relyefi, sıldırım qayaları, dar keçidləri və müdafiə baxımından əlverişli mövqeyi qarşıya ciddi çətinliklər çıxarırdı. Bu şəraitdə Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, döyüş ruhu və fədakarlığı xüsusi əhəmiyyət daşıdı. Ağır texnikanın istifadəsinin şəhərə ciddi dağıntılar gətirə biləcəyi nəzərə alınaraq döyüşlərdə yaxın məsafəli piyada taktikasına üstünlük verildi.

Noyabrın ilk günlərində Şuşa uğrunda şiddətli döyüşlər başladı. Azərbaycan əsgərləri çətin dağ-meşə marşrutlarını aşaraq şəhərə daxil oldular. Döyüşlər küçələrdə, məhəllələrdə və yaxın məsafədə davam etdi. Bu əməliyyat hər bir əsgərdən böyük iradə, cəsarət və fədakarlıq tələb edirdi.

Nəhayət, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edildiyi rəsmən elan olundu. Prezident İlham Əliyev həmin gün xalqa müraciət edərək bu xəbəri Azərbaycan xalqına çatdırdı. Bu tarix sonradan Zəfər Günü kimi təsis edildi.

 

 

 

Paylaş