“Şuşa Bəyannaməsi” siyasi həmrəylik nümunəsidir

“Şuşa Bəyannaməsi” siyasi  həmrəylik nümunəsidir

Aysel  Firudin qızı    

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.

Məhz 44 günlük Vətən müharibəsi bizim birliyimizə sübutdur. Müharibənin ilk günündən  Türkiyə Azərbaycanın tək olmadığını, Azərbaycanın yanında olduğunu bildirən dostumuz, qardaşımızdır. Bu həlledici məqamda yenə də Azərbaycan-Türkiyə birliyi öz sarsılmazlığı ilə diqqəti cəlb edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri qardaş ölkənin 44 günlük müharibənin ilk anından Azərbaycana verdiyi dəstəyin aydın ifadəsi idi. Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi  bu günün, dünənin dostluğu deyil. Bu dostluq, qardaşlıq dərin köklərə malikdir.

Ölkələrimiz daim beynəlxalq mövqelərini xeyli gücləndirən, birgə söz sahibi, birgə qərar vermək faktorunu önə sürən, eyni zamanda, qardaş ölkələrin münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldən məqsədyönlü addımlar atır. Bu addımlardan biridə Şuşa Bəyannaməsidir.

Şuşa Bəyannaməsini  qardaşlığın yeni tarixi mərhələsi adlandırmaq olar. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.

 Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

 Maraqlı məqam ondan ibarətdir ki, Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.