Abdulla Məmmədov
Suraxanı Rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Prezident İlham Əliyev Azərbaycan bayrağını ucaldıb və çıxış edib. Bu hadisə Azərbaycan üçün tarixi bir hadisədir. Azərbaycanın qüdrətli ordusu öz torpaqlarını 30 ildən sonra erməni işğalçılarından azad etdi və bayrağımız torpaqlarımızda dalğalandırdı.
30 il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Azərbaycan ordusu 44 günlük müharibədə öz gücünü bütün dünyaya nümayiş etdirdi. Xalq olaraq 44 günlük müharibə zamanı ordumuza maddi və mənəvi dəstək olduq. Vətənpərvər ruhda böyüyən gənclərimiz öz canları hesabına öz əzəli torpaqlarımızı işğaldan azad etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
20 il öncə İlham Əliyev prezident seçkilərində səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. İlham Əliyev xalqa söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək. 20 il ərzində qarşısına qoyduğu bütün vəzifə və öhdəlikləri yerinə yetirdi. İstər daxili, istərsə də xarici siyasətdə öz gücünü göstərdi. 30 illik Vətən həsrəti ilə yaşayan xalq İlham Əliyevin yürütdüyü siyasət nəticəsində öz torpaqlarına qovuşdu.
2023-cü il yaddaşa Heydər Əliyev ili olaraq yazıldı.İlham Əliyev öz çıxışında bu sözləri qeyd etdi: Bu il “Heydər Əliyev İli”dir. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Lakin biz əyilmədik, sınmadıq, öz gücümüzü bütün dünyaya göstərdik.
Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan antiterror əməliyyatları Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi tariximizə əbədi yazılıb.