Zəngilanın “Böyük Qayıdış” layihəsi
Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru
Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.
Prezident İlham Əliyevin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirdiyi 5 milli prioritetin bir bəndi məhz işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış planının reallaşması prosesidir. Bu gün həmin ərazilərdə həyata keçirilən işlər deməyə əsas verir ki, 2022-ci il Azərbaycan tarixinə böyük qayıdış ili kimi düşə bilər. Çünki dövlət başçısının bu yaxınlarda Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində səsləndirdiyi fikirlər onu deməyə əsas veriri ki, “Böyük Qayıdış”a gedən yol uzaq deyil və bu tarixi yola ilk çıxan Ağalı kəndinin sakinləridir.
Ağalı kəndində açılış mərasimində Prezident bir sıra məsələlərə toxunub və bildirib ki, bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil: “Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Bax, biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik. Əlbəttə, ilk növbədə, böyük şəhərlərin Baş planları təsdiq edilməli idi. Məsələn, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları təsdiq olunub, dünən isə Zəngilan şəhərlərinin Baş planı təsdiqləndi, artıq işlərə başlanılmışdır. İndi Ağdamda yaşayış binaları inşa edilir, Füzulidə də hazırlıq işləri gedir, Zəngilanda isə gedəcək. Yəni, bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik”.
Görülən işlər “Böyük Qayıdış”ı sürətləndirir! Ərazilərimizin azad olmasından qısa zaman keçməsinə baxmayaraq çox böyük işlər görülüb. Artıq Zəngilan rayonunda “Ağıllı kənd”in açılışı oldu. İkinci ağıllı kənd Füzulinin Dövlətyarlı kəndində inşa olunacaq. Bu prosesə yaxın zamanda başlanılacaq. Eyni zamanda Zəngilan, Ağdam rayonlarında da ağıllı kəndlərin inşa edilməsi qərarlaşdırılıb. Ümumiyyətlə bir neçə rayonun baş planı artıq hazırdır və digərləri də hazırlanır. Nəticə etibarilə bu gün azad edilən ərazilərdə infrastrukturun bərpası, yaşayış binalarının, məktəb, xəstəxana binalarının inşası, yollarla yanaşı, içməli su təchizatı və elektrik enerjisi təminatı istiqamətində görülən işlər “Böyük qayıdışı” sürətləndirən infrastruktur layihələrdir. Həyata keçirilən sürətli yenidənqurma işləri məcburi köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edəcək.
Bərpa işlərlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa da xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çeviriləcək. Böyük qayıdış isə hələ davam edir. Bu qayıdış daim davam edəcək. Çünki bu qayıdış əbədi qayıdışdır, bu qayıdışın isə geriyə dönüşü yoxdur.