Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru
2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi yadda qalıb. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.
Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir.
Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.
Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Şuşa bəyannaməsi müxtəlif sahələrdə,həmçinin cinayətkarlığın qarşısının alınması da daxil olmaqla ciddi problemlərin həlli üçün mükəmməl çərçivə sənədidir