Şuşa Bəyannaməsi hər iki ölkənin ümumi maraqlarının qorunmasında əhəmiyyət kəsb edir
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 79 nömrəli tam orta məktəbin direktoru
Şuşa bəyannaməsini imzlamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Belə ki, iki dost və qardaş ölkələr arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı Müqaviləsi, 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım Müqaviləsi, dövlətlərin nə qədər sadiq olduqlarını bir daha təsdiqləyir. 15 iyun 2021-ci il tarixində imzalanmış Şuşa Bəyannaməsində xalqlarımızın öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksin tapıb. Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir.” XXI əsrdə azad edilmiş Şuşada imzalanan Bəyannamə sadiqlik nümayiş etdirərək gələcək nəsillərə yol göstərəcək.
Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapması çox mühüm tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.
Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində baş tutan görüşü tarixi hadisədir. Şuşada belə bir görüşün reallaşacağı hər kəsə demək olar ki, bir xəyal kimi görünürdü. Türkiyə prezidentinin ABŞ prezidenti ilə, eləcə də NATO sammiti çərçivəsində bir sıra dünya liderləri ilə görüşən hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşada qardaş Azərbaycanla daha əhatəli müqavilənin imzalanacağı ilə bağlı verdiyi açıqlama ciddi marağa səbəb olmuşdu. O səbəbdən də, iyunun 15-də təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla bütün dünyanın nəzərləri Şuşaya yönəlmişdir.
Azərbaycan cəmiyyətinin bu görüşdən böyük gözləntiləri var idi. İyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bir sıra məsələlərlə bağlı çox önəmli açıqlamalar verdilər və iki qardaş ölkə başçısı tərəfindən imzalanmış bəyanatla bu zamana qədər səsləndirilən bir çox vacib müddəaları imzaları ilə təsbit etdilər. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapması tarixi hadisədir.
Şuşa Bəyannaməsi hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsi baxımından əhəmiyyət kəsb edir.
Eyni zamanda Bəyannamə iki ölkənin Təhlükəsizlik Şuralarının müntəzəm olaraq birgə iclaslarının keçirilməsi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi o cümlədən iki qardaş ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlı olduqca mühüm məsələləri ehtiva edir.
Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan tarixi bəyannamə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə mühüm töhfə verəcək. Şuşa Bəyannaməsi dünyaya mesajdır ki, Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatşısıdır.