ŞUŞA BƏYANATI: Coğrafiyanı İqtisadi Gücə Çevirən Müasir Qonşuluq Fəlsəfəsi

ŞUŞA BƏYANATI: Coğrafiyanı İqtisadi Gücə Çevirən Müasir Qonşuluq Fəlsəfəsi

Arzu Quliyeva 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

ŞUŞA – Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı konseptual çıxışı Azərbaycanın xarici siyasətinin və geoiqtisadi strategiyasının fundamental prinsiplərini növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısının “Qonşularla qarşılıqlı əlaqələr olmadan, heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil” tezisi müasir beynəlxalq münasibətlər və qlobal logistika reallıqlarının proqmatik təhlilidir. Bu bəyanat sadəcə coğrafi faktın ifadəsi deyil, regionun simasını dəyişdirən nəqliyyat-kommunikasiya siyasətinin fəlsəfəsidir.
Coğrafi mövqe böyük üstünlük ola bilər. Lakin bu potensialı real dividendlərə çevirmək üçün effektiv infrastruktur və regional tərəfdaşlıq mühiti mütləqdir. Bir ölkə mükəmməl yollara, dəmir yolu şəbəkələrinə və müasir dəniz limanlarına sahib olsa da, qonşuları ilə sərhədləri qapalıdırsa, həmin infrastruktur lokal layihə olaraq qalmağa məhkumdur.
Tranzit ölkə olmaq – qitələri və böyük bazarları birləşdirən etibarlı körpü funksiyasını yerinə yetirmək deməkdir. Körpünün möhkəmliyi isə onun hər iki tərəfdəki dayaqlarından, yəni qonşu dövlətlərin prosesə cəlb olunma dərəcəsindən və qarşılıqlı etimaddan asılıdır.
Azərbaycan regional əməkdaşlıq formatlarının təşəbbüskarı və fəal iştirakçısıdır. Ölkəmizin yerləşdiyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri qlobal ticarət üçün həyati əhəmiyyət kəsb edir. Lakin bu dəhlizlərin tam gücü ilə işləməsi üçün qonşu dövlətlərlə koordinasiyalı fəaliyyət əsas şərtdir. Gürcüstan, Türkiyə, Rusiya, İran və Xəzəryanı Mərkəzi Asiya ölkələri ilə qurulan sıx əlaqələr, gömrük və logistika prosedurlarının sinxronlaşdırılması Azərbaycanı Avrasiyanın əvəzolunmaz logistik mərkəzinə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəhəng layihələr məhz bu çoxtərəfli münasibətlərin praktiki bəhrəsidir.

Bu kontekstdə qonşularla qarşılıqlı əlaqələr həm də təhlükəsizlik və sabitlik deməkdir. Böyük logistika şirkətləri və xarici investorlar yüklərini daşımaq üçün hər zaman ən təhlükəsiz və proqnozlaşdırıla bilən marşrutları seçirlər. Qonşu dövlətlər arasında mövcud olan siyasi dialoq regionda ümumi riskləri azaldır, tranzit marşrutlarının cəlbediciliyini artırır.
Azərbaycanın təklif etdiyi model qarşılıqlı asılılıq və ümumi rifah modelidir. Tranzitdən gələn gəlir və iqtisadi dividendlər yalnız bir ölkəyə deyil, bu zəncirdə iştirak edən bütün tərəfdaşlara fayda verir. Bu isə regionda dayanıqlı inkişafın təminatçısıdır.

Şuşada səsləndirilən bu fikirlər həm də regional əməkdaşlıq platformalarından kənarda qalan bəzi qüvvələrə açıq mesajdır. Ermənistanın uzun illər ərzində apardığı işğalçılıq siyasəti ucbatından bütün regional layihələrdən təcrid olunması dövlət başçısının tezisinin ən bariz mənfi nümunəsidir. Qonşusunun torpağını işğal edən bir dövlət heç zaman regional tranzit qovşağına çevrilə bilməz.
Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin reallaşması imkanları da məhz bu prinsipi tələb edir: qonşularla normal, qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurulmadan heç bir iqtisadi sıçrayış və tranzit uğuru qazanmaq mümkün deyil.
Prezident İlham Əliyevin Şuşada bəyan etdiyi bu prinsip Azərbaycanın uzaqgörən dövlət strategiyasının təməl sütunudur. Coğrafiyanı iqtisadi gücə, yolları isə sülh bağlarına çevirməyin yeganə yolu qonşularla dürüst, etibarlı və qarşılıqlı faydalı tərəfdaşlıqdan keçir. Azərbaycan bu platformanı uğurla qurub və strateji tranzit ölkəsi statusunu məhz qonşuları ilə yaratdığı bu harmonik münasibətlər sayəsində qoruyur.