Suraxanıda Zəfər Gününə həsr olunmuş “44 gün – Bir Tarixin Səsi” adlı tədbir keçirilib

Suraxanıda Zəfər Gününə həsr olunmuş “44 gün – Bir Tarixin Səsi” adlı tədbir keçirilib
2 noyabr 2026-cı il tarixdə Suraxanı Gənclər Evi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə Gənclər və İdman Sektoru və “Bir Təbəssüm – Vətənpərvərliyin Təbliğinə Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Böyük Zəfərin 6-cı ildönümünə həsr olunmuş “44 gün – Bir Tarixin Səsi” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, müstəqilliyi, həmçinin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin rəsmi hissəsində Suraxanı Gənclər Evinin direktoru vəzifəsini müvəqqəti icra edən Eltun Həsənli, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Hüseynov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Suraxanı Rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Elşən Atakişizadə, “Bir Təbəssüm – Vətənpərvərliyin Təbliğinə Yardım” İctimai Birliyinin baş katibi Şahin Məmmədli  çıxış ediblər. 
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyəti və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının önəmi vurğulanıb. Rəsmi hissənin ardınca Vətən müharibəsinə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib və müharibə iştirakçılarının çıxışları dinlənilib.
Tədbirin bədii hissəsi rəngarəng musiqi proqramı ilə davam edib. Gülayə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin “Banu” rəqs qrupunun ifasında “Zəfər rəqsi” təqdim olunub, “Həkəri Muğam Qrupu”nun çıxışında isə milli muğam nümunələri səsləndirilib. Eyni zamanda, Opera və Balet Teatrının solisti, 2019-cu il Muğam Müsabiqəsinin qalibi Xəyal Qarabağın ifasında “Şuşanın dağları” mahnısı, Mirzəcan Mövliyev və Cahangir Şəmiyevin təqdimatında isə “Qarabağ” və “Mənim Azərbaycanım” kompozisiyaları qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Tədbirin sonunda bədii proqramda fəal iştirak edən ifaçılara və yaradıcı kollektivlərə təşkilatçılar tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.

Paylaş