Suraxanıda “Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” adlı tədbir keçirilib.
12 iyun 2026-cı il tarixində “Bahar Enerji” Əməliyyat Şirkətinin inzibati binasında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı, “Bahar Enerji” Əməliyyat Şirkəti və SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” adlı tədbir keçirilmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru, YAP İdarə Heyətinin üzvü, dosent Vazeh Əskərov, “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Anar Əliyev, SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının sədri İskəndər Şirəli və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildirmiş, daha sonra Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ardınca Dövlət Himni səsləndirilmişdir.
“Yeni TV” tərəfindən hazırlanmış “Milli Qurtuluşun Azərbaycan Fəlsəfəsi” adlı sənədli film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Anar Əliyev qonaqları salamlayaraq bildirmişdir ki, 15 iyun 1993-cü ildə qazanılan Milli Qurtuluş, xalqımızla Azərbaycanın dağılmaqda olan neft sənayesini xilas edərək onun müasir iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilməsinin təməlini qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yaranan siyasi sabitlik xarici investorların Azərbaycana inamını bərpa etmiş və milli neft strategiyasının icrasına yol açmışdır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov mövzu ilə bağlı geniş nitqlə çıxış edərək qeyd etmişdir ki, Milli Qurtuluşun əsas məramı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən, vətəndaş müharibəsindən və tam iqtisadi-siyasi süqutdan xilas etmək idi. Həmin dövrdə ölkədə hökm sürən dərin böhran, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını və dövlətçiliyin xilası naminə köklü addımların atılmasını zəruri etmişdir. Yerli təşkilatın sədri xüsusi vurğulamışdır ki, Prezident, YAP- ın sədri İlham Əliyevin rəhbərliyi ilə qazanılan bugünkü uğurların, şanlı Zəfərin nüvəsində məhz 15 iyun 1993-cü ildə əsası qoyulan Milli Qurtuluş fəlsəfəsi, siyasi sabitlik və uzaqgörən dövlətçilik strategiyası dayanır. Müasir Azərbaycanın qazandığı bütün tarixi nailiyyətlər — istər iqtisadi müstəqillik, istərsə də ərazi bütövlüyünün tam bərpası — Qurtuluş dövründə atılan fundamental addımların məntiqi nəticəsidir.
Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru, YAP İdarə Heyətinin üzvü, dosent Vazeh Əskərov öz çıxışında Milli Qurtuluşun təhsil və elm sahəsinə müsbət təsirlərindən bəhs edərək bildirmişdir ki, həmin dövrdə atılan strateji addımlar Azərbaycanın təhsil sistemini tamamilə çökməkdən xilas etmiş, onun müasir və milli maraqlara əsaslanan bir sahə kimi inkişafının fundamental əsasını qoymuşdur.
SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İskəndər Şirəli ötən dövrə nəzər salaraq qeyd etmişdir ki, Milli Qurtuluşun gerçəkləşməsi Azərbaycan xalqını parçalanmaq təhlükəsindən xilas etmiş, eyni zamanda “Əsrin müqaviləsi”nin imzalanması neft sənayesinin inkişafını təmin etməklə xalqımızın rifah halını yaxşılaşdırmışdır.
“Bahar Enerji” Əməliyyat Şirkətinin departament direktoru, Ərazi Partiya Təşkilatının sədri Orxan Əliyev çıxışında vurğulamışdır ki, 1993-cü ildəki qurtuluşdan sonra daxili sabitliyin bərpa olunması xarici neft şirkətlərinin Azərbaycana inamını artırmışdır. O, ölkəmizdə neft sənayesinin müasir inkişafının Ulu Öndər Heydər Əliyevin adı və onun müəllifi olduğu uzaqgörən neft strategiyası ilə birbaşa bağlı olduğunu, 1993-cü ilin Milli Qurtuluşundan sonra bu sahədə tənəzzülə son qoyulduğunu və iqtisadi müstəqilliyin təməlinin atıldığını diqqətə çatdırmışdır.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə təltiflər, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilmişdir.