Suraxanı Rayonunda “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilmişdir
20 noyabr 2023-ci il tarixində “Aura” restoranında Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının təqdim etdiyi “Heydər Əliyev İli” çərçivəsində “Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümünə və YAP Suraxanı rayon təşkilatının yaradılmasının 30 illik yubileyinə” həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, abidənin önünə tər güllər düzülmüşdür. Tədbir əvvəlində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının və doğma partiyamızın yaradılmasında müstəsna xidmətləri olan, dünyasını dəyişmiş partiya funksionerlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Daha sonra “YAP Suraxanı rayon təşkilatının yaradılmasının 30 illik yubileyinə” həsr olunmuş “30 İLLİK ƏQİDƏ” adlı sənədli film tədbir iştirakçılarına təqdim olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını və partiya üzvlərini Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü və YAP Suraxanı rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibəti ilə təbrik etmişdir. Vüqar Seyidov partiyanın fəaliyyətinə geniş nəzər salaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası gücünün mənbəyini Ulu Öndər Heydər Əliyevdən, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi ən Müzəffər sərkərdə cənab Prezident İlham Əliyevdən və öz tarixi, dili, dünyaya qazandırdığı saysız-hesabsız dəyərləri, verdiyi töhfələri ilə öz aliliyini qoruyub saxlayan müdrik Azərbaycan xalqından alır. Öz çıxışında yerli təşkilatın sədri qeyd etmişdir ki, YAP Azərbaycan xalqının sosial müdafiəsini təmin edən, çox hörmətli Mehriban xanım Əliyevanın alicənab, humanist yanaşmalarının ictimai dayanağı və cənab Prezident İlham Əliyevin siyasi istinad nöqtəsidir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ictimaiyyəti adından partiya üzvlərini Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü və YAP Suraxanı rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibəti ilə təbrik edərək, Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin ətrafında Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi hadisə olduğunu bildirdi. YAP Suraxanı rayon təşkilatının çoxminli üzvlərini 30 illik yubiley münasibəti ilə təbrik edən RİH-nin başçısı yerli təşkilatın öz fəaliyyəti ilə yaxşı mənada fərqləndiyini qeyd etmişdir.
Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının Təftiş komissiyasının üzvü Sadiq Qurbanov çıxış edərək dedi ki, 1992-ci ildə soyuq noyabr günü siyasi təzyiqlərin fövqündə fiziki məhdudiyyətlərə məruz qalmış Ulu Öndər Heydər Əliyev gələcək nəsilləri düşünərək Yeni Azərbaycan Partiyasını yaratmışdır. Sadiq Qurbanov YAP-ın o dövrdə baş verən hadisələrin fövqündə yaradılmasının zərurət olduğunu vurğulamışdır.
Milli Məclisin komitə sədr müavini, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Hikmət Babaoğlu çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının həm zəfərlərin partiyasıdır, həm də zəfərlərin çarçısıdır. O, qeyd etmişdir ki, doğma partiyamızın amalı xalqa xidmət, arzusu dövlətimizin daimi inkişafıdır.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, “ŞƏRƏF” ordenli Arif Rəhimzadə çıxış edərək YAP-ı tarixin və taleyin gərəyi adlandıraraq bildirdi ki, Naxçıvanda məhdud şəraitdə üçrəngli şanlı bayrağı Heydər Əliyev dalğalandıranda, Bakıda o zaman hakmiyyətdə təmsil olunanlar ona qarşı yersiz və əsassız iddialar irəli sürürdülər. Arif Rəhimzadə bildirdi ki, Azərbaycan xalqı öz liderini daim dəstəkləmişdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəaliyyətində seçilən bir qrup partiya fəalı Fərxri Fərman, Təşəkkürnamə ilə təltif olunmuşlar.
Tədbir mədəniyyət xadimlərinin ifasında bədii hissə ilə davam etmişdir. Sonda YAP-ın yeni qəbul edilmiş himni Suraxanı rayon ictimaiyyətinə təqdim edilmişdir.