Suraxanı rayonunda “Yeni Azərbaycan Partiyası: Böyük Uğurların İdeoloji Özəyi Rolunda” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında partiyanın təsis olunmasının 32-ci ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası: Böyük Uğurların İdeoloji Özəyi Rolunda” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş proqram nitqi ilə çıxış etmişdir. Yerli təşkilatın sədri bildirmişdir ki, bu gün ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür. 32 illik şərəfli tarixi ərzində partiyamız Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, YAP ictimai-siyasi zərurətdən yaranıb. Sirr deyildir ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən əsas proqramı, məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi, cəmiyyət qurulmasından əmin-amanlıq, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız 32 illik fəaliyyəti dövründə öz məqsədlərinə tam çata bilmişdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov onu da qeyd etmişdir ki, 2021-ci ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII Qurultayından sonra qarşıya yeni vəzifələr və yeni hədəflər qoyulmuşdur. Bu gün doğma partiyamız bu hədəflərə doğru inamla irəliləyir.
Daha sonra çıxış edən Suraxanı rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Arif Babayev, Suraxanı Tibb Mərkəzi direktoru, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Ələkbər Tağıyev, Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin müəllimi, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Könül Seyidova və Miqrasiya Könüllüsü İctimai Birliyinin sədri, YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü Şəbnəm İbrahimli bildirdilər ki, ümumiyyətlə tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı siyasi qüvvə mövcud deyil. Sözün əsil mənasında cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar partiyamızda birləşiblər.
Sonda YAP Suraxanı rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir qrup partiya üzvü Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunmuş, eləcə də partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edilib.