17 noyabr 2023-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31 illiyinə həsr olunmuş “ YAP demokratik inkişafın zəmanətidir” adlı tədbir keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, İcra Hakimiyyətinin məsul əməkdaşı Nazim Fətullayev, rayon idarə və müəsissələrinin nümayəndələri, YAP fəalları iştirak etdilər.
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, xatirəsi ehtiramla yad edildi. Tədbir mərkəzin lektoriya zalında davam etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edildi.Yeni Azərbaycan Partiyasının 31 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov məruzəsində YAP-ın yaradılma tarixindən, onun keçdiyi keşməkeşli fəaliyyət yolundan, ötən illər ərzində Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyindən danışdı. Məruzəçi həmçinin ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması və qətiyyətli mövqeyi sayəsində əsl ümümxalq partiyasına çevrilməsini diqqətə çatdırdı.
Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nazim Fətullayev Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. O, vurğuladı ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova çıxışında Heydər Əliyevə olan dərin hörmət və etibar sayəsində hazırda öz sıralarına yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün yalnız Azərbaycanın deyil, həm də regionun güclü və beynəlxalq aləmdə qəbul edilən nüfuzlu siyası təşkilat olmasından danışdı. Öz gücünü xalqın dəstəyindən alan partiyanın ökəmizin beynəlxalq aləmdə tanınmasında misilsiz töhfələr verməsindən bəhs etdi.
YAP Suraxanı rayon təşkilatının ictimai həyatında fəal iştirakına görə bir qrup partiya üzvü Fəxri Fərman və Təşəkkürnamələrlə təltif edildi. Eyni zamanda da YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Təltif olunanlar sırasında olan Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi, YAP veteranı Zəkiyə Hacıyeva çıxış edərək YAP-ın təsis olunması ilə bağlı xatirələrini bölüşdü.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiyaya baxış keçirdilər.