Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun mövlud günündə “Zəfər” idman klubunun açılış mərasimi keçirilmişdir
31 iyul Vətən Müharibəsi şəhidi kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Səlvər oğlunun mövlud günüdür. Şəhidimizin dünyaya gəlməsinin 27-ci ildönümü ilə əlaqədar adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş “Zəfər” idman klubunun açılış mərasimi keçirilmişdir. Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişlər.
Öncə şəhid İsmayılov Sərdarın Suraxanı rayon Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra Vətən Müharibəsi şəhidi kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Səlvər oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş “Zəfər” idman klubunun rəsmi açılışını bildirən lent kəsilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək demişdir ki, şəhid Sərdar İsmayılov uşaq yaşlarından idmanla məşğul olmuş, bu sahədə uğurlar qazanmışdır. Əziz Əzizov vurğulamışdır ki, ölkədə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər və idman siyasəti nəticəsində yüzminlərlə vətənpərvər, sağlam düşüncəli gənclər ordusu yetişmişdir ki, onlardan biri də şəhid Sərdar İsmayılov olmuşdur. RİH-nin başçısı şəhidin valideynlərinə belə cəsarətli və qəhrəman övlad yetişdirdikləri üçün öz dərin minnətdarlığını bildirmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan öz çıxışlarında hər dəfə şəhid ailələri, qazilər və veteranlara olan doğma münasibəti ifadə edir. Cəmiyyətimizin hər bir üzvünün vətəndaşlıq borcudur ki, həssas təbəqədən olan insanlara xüsusi qayğı ilə yanaşsın. Yerli təşkilatın sədri şəhid Sərdar İsmayılovun əziz xatirəsinə həsr olunmuş idman klubunun açılmasını yüksək qiymətləndirmiş və öz əminliyini bildirmişdir ki, Yeni Suraxanı qəsəbəsində gələcək nəsillərin sağlam formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində “Zəfər” idman klubunun müstəsna xidmətləri olacaqdır.
Şəhid Sərdar İsmayılovun atası Sərvər İsmayılov da öz növbəsində qeyd etmişdir ki, hər zaman dövlətin diqqətini və qayğısını hiss etməkdədir. Şəhid oğlunun adına gənclər üçün faydalı olacaq bir idman klubunun yaradılmasının vacib olduğunu vurğulamışdır. Sərvər İsmayılov söz vermişdir ki, hər zaman “Zəfər” idman klubunun uğurlar əldə etməsi üçün çalışacaqdır.
Qeyd edək ki, şəhid Kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Səlvər oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.