Suraxanı rayonunda şəhid Mehdi Fərzullazadənin mövlud günü qeyd olunub
27 iyul Vətən Müharibəsi şəhidi əsgər Fərzullazadə Mehdi Zaman oğlunun mövlud günüdür. Şəhidimizin dünyaya gəlməsinin 27-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının nümayəndələri öncə Mehdi Fərzullazadənin Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını və adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq xatirə – abidə kompleksini ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar.
Ziyarət əsnasında Prezident cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın vətən uğrunda canını, sağlamlığını itirən insanların ailələrini, özlərini diqqət və qayğı ilə əhatə etdiyini vurğulayan Vüqar Seyidov bildirmişdir ki, hər bir dövlət məmurunun, vəzifəli şəxsin, hətta hər bir vətəndaşın borcudur ki, bu məsələyə çox həssas yanaşsın. Yerli təşkilatın sədri xüsusi qeyd etmişdir ki, biz bu qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq.
Qeyd edək ki, şəhid əsgər Fərzullazadə Mehdi Zaman oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.