Suraxanı rayonunda Şuşa ili ilə əlaqədar “Qələbəmizin rəngli tərənnümü” adlı tədbir keçirilmişdir
04.05.2022 – ci il tarixində Şuşa ili çərçivəsində keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada “Qələbəmizin rəngli tərənnümü” adlı tədbir keçirilmişdir. Müxtəlif tarixi dövrlərin səhnələşdirildiyi tamaşada məktəblilər Şuşanın Azərbaycan tarixində və mədəniyyətində əhəmiyyətinə diqqət çəkmişlər
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Vüqar İsgəndərov, digər rəsm şəxslər və Xarici Dillər Təmayüllü Gimnaziyada müəllim-şagird kollektivi iştirak edirdi. Öncə məktəbin şagirdləri tərəfindən təşkil olunmuş Şuşa ilinə həsr olunmuş sərgiyə qonaqlar tərəfindən baxış keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veysova Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın mirvarisi – Şuşanın Azərbaycan xalqı tərəfindən özünə milli simvol seçildiyini və buranın Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edildiyini qeyd etmişdir. Xəyalə Veyisova vurğulamışdır ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XDTG-nın direktoru eyni zamanda da gənclərin, yeniyetmələrin tərbiyəsində məktəblərin roluna toxunan üzərlərinə düşən məsuliyyəti, yükü dərk etdiklərini bildirmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın qarış-qarış erməni işğalından azad edilməsi ilə, milli kimliyimizin və milli qürurumuzun toxunulmazlığını bütün dünyaya sübut etdik. Bu gün Qarabağ yenidən cənnətməkana çevrilir, dövlət başçımızın işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, inkişaf etdirilməsi barədə Qarabağdan səsləndirdiyi bəyanatlar, müraciətlər ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi, qürur hissi və coşqu ilə qarşılanır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov öz növbəsində bildirmişdir ki, Şuşa dünya mədəniyyət tarixində iz qoymuş bir şəhərdir. Şuşa yalnız ölkəmizin deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtıdır. Yerli təşkilatın sədri xüsusi qeyd etmişdir ki, indi Cıdır düzündə Qarabağ atları var-gəl edir, Şuşanın hər məscidindən Azan səsi gəlir, Şuşada hər məclisdə muğam oxunur. Budur dövlətimizin və dövlət başçımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz xalqına verdiyi əvəzsiz töhfə. Gənclər, yeniyetmələr arasında xalqımızın şanlı zəfərinin təbliği məqsədi ilə maarifləndirmə işinin əhəmiyyətinə toxunan Vüqar Seyidov təhsil ocaqlarnın, məktəb kollektivlərinin vətənpərvər ruhda fəaliyyətini, əməyini yüksək qiymətləndirmişdir.
Milli Məclisin deputatı Vüqar İsgəndərov Azərbaycan və azərbaycançılıq tarixində yeni və işıqlı bir səhifəni yazan, xalqımızın mübarizəsini, əzmini, vətənpərvərliyini, qəhrəmanlığını özündə yaşadan II Qarabağ savaşında qazandığımız böyük qələbədən danışaraq belə tədbirlərin keçirilməsinin gənclərimizin dövlətçilik prinsiplərinə, tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunmasında əhəmiyyətini vurğulamışdır.
Həmçinin, çıxış edən digər natiqlər Şuşanın Azərbaycan tarixində yerinə və Vətən Müharibəsinin fəxarət simvolu olan şəhərin əhəmiyyətinə toxunaraq məktəbin müəllim şagird kollektivi tərəfindən hazırlanmış tədbiri yüksək qiymətləndirmişlər.