Suraxanı rayonunda Şəhid Elvin Əlimovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilmişdir

Suraxanı rayonunda Şəhid Elvin Əlimovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilmişdir

08 iyun Əlimov Elvin Nəsrəddin oğlunun doğum günüdür.  08.06.2022 – ci il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində şəhidin doğum günü münasibəti ilə anım mərasimi keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, Şəhidin döyüş yoldaşları, doğmaları və şəhidin doğmaları iştirak etmişlər.

Vətən Müharibəsi şəhidi, baş leytenant Əlimov Elvin Nəsrəddin oğlunun məzunu olduğu Suraxanı rayonu 280 nömrəli tam orta məktəbin şagird-müəllim kollektivinin iştirakı ilə ədəbi-bədii hissə nümayiş olunmuşdur.

Şəhidin anası İradə Əlimova çıxış edərək göstərilən diqqət və qayğıya görə başda dövlət başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə dərin təşəkkürünü bildirmiş və M.Mehdiyev adına 280 №-li tam orta məktəbin müəllimi Sevinc Haqverdiyavanın Elvin Əlimovun xatirəsinə həsr etdiyi “Şəhadət medalı” adlı şerlər kitabını qonaqlara təqdim etmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətininbaşçısı Əziz Əzizov, mərasimdə çıxış edərək bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır. RİH başçısı eyni zamanda xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan olan, Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Şəhidlik zirvəsinə ucalan Əlimov Elvin Nəsrəddin oğlunun hər zaman qürurla anılacağını qeyd etmişdir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov anım mərasimində çıxş edərək demişdir ki, baş leytenant Əlimov Elvin Nəsrəddin oğlu Vətən Müharibəsində Suraxanı rayonun ilk şəhididir. İkinci Qarabağ Müharibəsində Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsində Elvinin tank tağımının böyük əməyi olduğunu vurğulayan təşkilat sədri demişdir ki, ön xəttin və düşmənin istehkam qurğularının dağıdılması müharibənin gələcək taleyini elə ilk döyüş əməliyyatlarında müəyyən etmiş oldu. Elvin kimi gənc və peşakar zabitlərin canlarını düşünmədən vətən uğrunda qurban verməsinin xalqımızın qəlbində daima yaşayacağını Vüqar Seyidov xüsusi vurğuladı.

Şəhid baş leytenant Elvin Əlimov Nəsrəddin oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə”, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “İgidliyə görə”, Azərbaycan Respublikasının Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.