Suraxanı rayonunda “Müasir Çağırışlar, Azərbaycan Gəncliyi və Onun Ali Hədəfləri” mövzusunda diskussiya formatında görüş keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 12 may 2022-ci il tarixində Suraxanı Rayon Heydər Əliyev Mərkəzində ”Müasir Çağırışlar, Azərbaycan Gəncliyi və Onun Ali Hədəfləri” mövzusunda diskussiya formatında görüş təşkil etmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Milli Məclisin Regional məsələlər və Gənclər və İdman komitələrinin üzvü, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və gənclər iştirak etmişlər. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və“Dünəndən bu günə biz”adlı video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq bildirdi ki, gənclərlə birbaşa görüşlərin keçirilməsi və onların özlərini ifadəsi üçün münbit şəraitin yaradılması gələcək nəsillərin daha mütərəqqi yetişməsinə səbəb olacaqdır. Vətən Müharibəsində qalib gəlməyimizdə gənc nəsillərin roluna toxunan təşkilat sədri xüsusi vurğuladı ki, gənclərin vətənpərvər yetişdirilməsi, milli ruhda tərbiyə edilməsi böyük əhəmiyyət kəsb edir. Prezident, YAP-ın sədri cənab İlham Əliyevin gənclərə olan tövsiyyələrinin gənclər tərəfindən böyük diqqətlə yerinə yetirildiyini vurğulayan Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının da gənclər sahəsində tarixi missiyanı həyata keçirdiyini ifadə etdi.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirmişdir ki, Vətən Müharibəsində əldə olunan qələbəyə qədər gənclərimizin qarşısnda olan çağırışlar və hədəflər ərazi bütövlüyünün təmin olunması idi. İndi isə məqsəd və məram əldə olunmuş tarixi nəticələrin dünyada tanıdılması və qəbul etdirilməsidir.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Milli Məclisin Regional məsələlər və Gənclər və İdman komitələrinin üzvü, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov gənclərə Prezident İlham Əliyevin “2 Fevral Gənclər Günündə” gənclərlə görüşdə söylədiyi fikirlərə diqqətlə qulaq asmağı tövsiyyə etmişdir. Cavid Osmanov gənclərin yeni hədəfləri, yeni məqsədləri milli köklərə bağlılıq əsasında müasir dünya çağırışlarına uyğun həyata keçirilməli olduğunu bildirdi.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirmişdir ki, bu gün ölkəmiz tarixinin ən güclü dövrünü yaşayır. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə regionumuza yeni reallıqlar gətirib. Bu reallıqlar isə Azərbaycan gəncliyinin üzərinə yeni vəzifə və öhdəliklər qoyur. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi, gələcək nəsillərə sahib olduğumuz dəyər və prinsipləri ən uğurlu şəkildə ötürmək bu vəzifələrin bir hissəsidir.
Daha sonra gənclərlə qarşılıqlı dialoq şəklində müzakirələr aparılmış, gəncləri maraqlandıran suallara cavablar verilmiş və onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir. Görüşdə iştirak edən gənclər açıq müzakirələrin keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirmişlər ki, vaxtaşırı bu cür görüşlərin təşkil olunması dövlətin gənclər sahəsində həyata keçirdiyi siyasətə xidmət etməkdədir. Gənclər istər partiya və rayon rəhbərliyi ilə, istərsə də Milli Məclisin üzvləri ilə qarşılıqlı dialoq şəklində keçirilən müzakirəni yüksək qiymətləndirərək belə görüşlərin daimi xarakter almasının arzu oldunduğunu ifadə etmişlər. Gənclərin təklifləri protokollaşdırılmış və onlarla səmimi xarakterli görüşlərin daimi keçirilməsi qərara alınmışdır.
Sonda YAP-a yeni üzv olmuş bir qrup gəncə partiya biletləri təqdim olunmuşdur.