Suraxanı rayonunda "Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru” adlı panel diskussiyası keçirilib

Suraxanı rayonunda "Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru” adlı panel diskussiyası keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatının və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru” adlı panel diskussiyası keçirilib. Diskussiyada YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbəsi rəhbəri, t.e.d. professor Əliniyaz Məmmədov, TƏBİB-in və tabeli tibb müəssisələrinin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak edib.
İlk olaraq Heydər Əliyevin Suraxanı rayonunda yerləşən büstü önünə gül dəstələri düzülüb. Tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişafın sarsılmaz təməlləri qoyulub və bu gün elə bir sahə yoxdur ki, onun haqqında danışılanda Ulu Öndər Heydər Əliyev ehtiramla və hörmətlə anılmasın. Vüqar Seyidov qeyd edib ki, elmdən səhiyyəyə, iqtisadi inkişafdan ordu quruculuğuna qədər hər bir profildə Ulu Öndərin fəaliyyəti ölkəmizin mövcudluğunu təmin edib.
Çıxış edən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Azərbaycanda səhiyyə infrastrukturunun qurulmasının birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, Ulu öndərin hər zaman tibb işçilərinə böyük qayğı göstərdiyini, rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verildiyini, nəniki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə tibbi xidmətlərə əlçatanlılığın təmin edildiyini bildirib. “Yerli kadrların xaricə təhsil almaq üçün göndərilməsi, daha sonra onların tibb sahəsində rəhbər vəzifələrə cəlb edilməsi Ulu öndərin səhiyyənin inkişafı üçün gördüyü böyük xidmətlərdən yalnız bir neçəsidir” – deyə Vüqar Qurbanov vurğulayıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev çıxışları zamanı bildirib ki, Müstəqil Azərbaycan tibb tarixinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlanıb. Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi ilə inkişaf edib və indiki yüksək səviyyəyə çatıb.
Daha sonra Suraxanı Tibb Mərkəzinin direktor müavini Sübabə Yaqubova və 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Vidadi Bayramov tibb işçilərinin adından çıxış edərək yaradılmış şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Panel diskussiyanın II hissəsində TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin müdiri Emil İskəndərovun müəllifi olduğu “Orqan Transplantasiyası” kitabının təqdimatı olub. Kitabın rəyçisi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəliklərinin cərrahlığı şöbəsinin rəhbəri t.e.d. professor Əliniyaz Məmmədov bildirib ki, kitabda ilk səviyyə tibbi yardım mütəxəsisləri tərəfindən transplantasiyaya ehtiyacı olan xəstələrin erkən aşkar edilməsi, müvafiq müayinələrin aparılması və diaqnozunun dəqiqləşdirilməsi, həmin xəstələrin ixtisaslaşdırılmış mərkəzlərdə çalışan mütəxsəsislərə yönləndirmə qaydaları öz əksini tapıb. O qeyd edib ki, kitabın əsas missiyası daxili orqanların transplantasiyasına dair vacib və xüsusi əhəmiyyət kəsb edən məlumatların oxucuya çatdırılmasından ibarətdir.
Sonda tibbi xidmətin təşkilində səmərəli fəaliyyətinə və YAP Suraxanı rayon təşkilatının ictimai həyatında fəal iştirakına görə “17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə Suraxanı rayonunda fəaliyyət göstərən tibb müəssisələrində çalışan bir qrup tibb işçisi təltif edilib.