Suraxanı Rayonunda gənclər kütləvi şəkildə YAP-a üzvlüklə bağlı müraciət ediblər
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında üzv olmaq üçün müraciət etmiş gənclərin bir qrupu ilə çay süfrəsi ətrafında səmimi görüş təşkil olunmuşdur. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov yeni müraciət edən gəncləri salamlayaraq “Heydər Əliyev zəkasının nurundan yaranmış, Yeni Azərbaycan məfkürəsinin mərkəzi olan doğma partiyamızın Suraxanı rayon təşkilatına xoş gəlmisiniz” demişdir.
Partiyada həyata keçirilən islahatlardan bəhs edən Vüqar Seyidov ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin partiya qarşısında qoyduğu tələblərə toxunaraq demişdir ki, hədəflərin həyata keçirilməsində gənclər lokomotiv rolunu oynamalıdırlar. Vətən Müharibəsində əldə etdiyimiz qələbə bir daha sübut etdi ki, vətənpərvər ruhda tərbiyə olunmuş gənclik bu xalqımızın gələcəyidir, deyə o əlavə etmişdir.
Daha sonra YAP Suraxanı rayonunun təşkilatının məsləhətçisi, gənclərlə iş üzrə məsul şəxs Fərəh Məcidzadə üzv olmaq üçün müraciət edən gənclərlə aparılan fərdi işlərdən bəhs edərək demişdir ki, gənclərin hər biri YAP-ın Nizamnamə, Proqram və Əsasnaməsi ilə tanış olmuş və könüllə surətdə üzv olmaq üçün fərdi müraciətlər etmişlər.
Tədbirdə çıxış edən gənclər YAP-ın gənclərə qarşı diqqətinin onların bu partiya ətrafında birləşməyinə səbəb olduğunu bildirmişlər. Gənclər gələcəkdə böyük layihələrə məhz YAP Suraxanı rayon təşkilatının fəal gənci olaraq imza atmağın onlar üçün böyük fəxarət olduğunu xüsusi vurğulamışlar.